“Barselona”nın müdafiəçisi Ronald Arauxo, müqaviləsinin müddəti 2026-cı ilin yayında bitəcək Kataloniya klubundakı gələcəyi barədə danışıb.
Arena.az uruqvaylı futbolçunun bu barədə açıqlamasını təqdim edir:
“Klubla danışıqlar aparırıq. Ümidvaram ki, bu məsələ həllini tapacaq”, deyə Arauxo vurğulayıb.
Xatırladaq ki, “Barselona”nın yayda aldığı zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalan müdafiəçisi Ronald Arauxo yenicə sıraya dönüb. O, İspaniya Kubokunda “Barbastro”ya qarşı keçirdikləri oyunda (4:0) meydana çıxmaqla həsrətə son qoyub.
Arauxo sağ diz vətərindən aldığı zədə səbəbindən 2024-cü ilin iyul ayında cərrahi əməliyyat keçirib. O, Uruqvay yığmasının heyətində Amerika Kubokunda çıxış edərkən, Braziliya millisi ilə yarışın 1/4 final oyununda (0:0, penaltilərlə 4:2) zədələnmişdi.
Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro məbləğ müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Cari mövsümdə Ronald “Barsa”nın heyətində cəmi 1 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, Kataloniya klubunda bütövlükdə 151 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə edib.
Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.
Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 20 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı uruqvaylı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.