AZ

Pomidor ixracında rekord gəlir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın pomidor ixracı artır. 2024-cü ildə respublikamızdan xarici ölkələrə 175,4 milyon dollar dəyərində 146 min ton pomidor ixrac edilib. 2023-cü illə müqayisədə keçən il pomidor ixracı miqdar ifadəsində 3,6 faiz, dəyər ifadəsində 8,3faiz artıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir: "Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir. İstixana yetişdiriciliyinə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir".

Qeyd edək ki, Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur. 2024-cü ildə Azərbaycan Rusiyaya 141,9 min ton pomidor tədarük edib ki, bu da 2023-cü ildəki 133 min tonla müqayisədə 6,7 faiz çoxdur. Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir. 2024-cü ildə Azərbaycan Rusiyaya 479,4 min ton pomidor (2023-cü ildə 417 min ton) ixrac etməklə əsas tədarükçü olub. Bundan başqa, Azərbaycan 2024-cü ildə Rusiyaya tumlu meyvələrin (alma, armud) əsas tədarükçülərindən biri olub. "Hesabat ilində Rusiyaya tumlu meyvələrin idxalı 2023-cü ildəki 611,2 min tona qarşı 627,4 min ton təşkil edib. Azərbaycan sabit tədarükçü olmaqla ixracı 88 min tondan 93,4 min tona qədər artırıb (artım 6,1 faiz)", - “Rosselxoznadzor” qeyd edir. Ümumilikdə, 2024-cü ildə Azərbaycandan Rusiyaya təxminən 540 min ton meyvə və tərəvəz göndərilib: 153,4 min ton tərəvəz məhsulları (141,9 min ton pomidor, 5,2 min ton bibər və qabaq, 2,7 min ton xiyar, 1,2 min ton soğan və sarımsaq) və 386,6 min ton meyvə (186,6 min ton giləmeyvə və digər meyvələr, 93,4 min ton tumlu meyvələr, 87,4 min ton çəyirdəkli meyvələr, 6,3 min ton üzüm, 5,8 min ton sitrus meyvələri, 5,5 min ton qarpız və yemiş, 1,7 min ton quru meyvə).

Xatırladaq ki, tərkibi vitaminlərlə zəngin olan pomidor bitkisi Azərbaycanın kənd təsərrüfatında xüsusi yer tutur. Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür.

Pomidor iqtisadi cəhətdən sərfəli, gəlirli bitki olsa da, çoxsaylı risklərə qarşı həssasdır və xüsusi qulluq tələb edir. Bu səbəbdən pomidor Aqrar Sığorta Fondu tərəfindən sığortalanan bitkilər siyahısına daxil edilib. Pomidor əkini ilə məşğul olan fermerlər öz əkinlərini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən – dolu, qasırğa, sel-subasma və s. qoruya bilərlər. Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, son illər Azərbaycanda həm istixanaların, həm də aqroparkların fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb: “İstixanalarda əsasən pomidor becərilir və Rusiyaya ixrac edilir. Bu sahə dinamik şəkildə inkişaf edir. Eyni zamanda, həm ixrac qiymətində bahalaşma, həm də ixrac miqdarının artması gəlirlərin yüksəlməsinə səbəb olub".

Ekspertin sözlərinə görə, ixrac artdıqca yerli bazarda pomidorun qiyməti artacaq: “Təbii ki, ixrac daxili bazarda qiymətləri artıran faktordur. Qarşıdakı dövrlərdə də pomidor ixracında artım gözlənilir. Bu isə qiymətlərə təsir göstərəcək”.

Seçilən
30
50
hafta.az

10Mənbələr