Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində, Beyləqan rayonu ərazisində qeydə alınıb.
Belə ki, "Opel" və VAZ-2107 markalı minik maşınları toqquşub, idarəetmədən çıxan VAZ-2107 "Mersedes Atego" markalı yük maşınına çırpılıb. Xəsarət alan iki nəfər - Çavuş Göçər Yunus və Mircəlal Miri oğlu Həbibov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamıdır.
O, Türkiyədə tanınmış “Eu-Turan” Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O, azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.