AZ

Azərbaycanda kartof əkin sahələri niyə azalıb?

Ekspert bildirib ki, Azərbaycanda həm kartofun əkin sahəsi, həm də məhsuldarlığı azalıb.

Son günlərlədə bazar və mağazalarda kartofun qiyməti yüksək hesab edilir. Amma buna baxmayaraq keyfiyyəti isə bir o qədər aşağıdır. Hazırda bazarda kartof qiymətləri 90 qəpik və 1 manatdan başlayır.

Bəs bunun səbəbi nədir? Azərbaycanda kartof istehsalı sahəsi hansı səviyyədədir?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhəmmədov “Operativ Media”ya kartof məhsulunun həm keyfiyyətinin aşağı düşməsinin, həm də qiymətinin bahalaşmasının səbəblərini açıqlayıb:

O bildirib ki, Azərbaycanda son vaxtlar kartofun əkin sahəsi xeyli azalıb:

“Təxminən 2005-ci ildə ölkəmizdə kartofun əkin sahəsi 75 min hektara çatdırılmışdı, amma indi bu rəqəm cəmi 47 min hektardır. Hər il isə bu rəqəm azalmağa davam edir. Əhali isə artır. Çox təəssüflər olsun ki, bu çox mənfi haldır. Bunun bir neçə səbəbi var.

Bu il apardığımız araşdırmalar göstərir ki, ölkəmizdə həm də kartofun məhsuldarlığı aşağı düşüb. Yəni, kartofun əkin sahəsi azalmağa davam edir, amma məhsuldarlıq da azalır.

Amma əkin sahəsi azalanda məhsuldarlıq artmalıdır. Ölkəmizdə isə həm əkin sahəsi azalır, həm də kartofun məhsuldarlığı düşür. Buna görə də istehsal azalır, məhsuldarlıq aşağı düşəndə isə məhsulun maya dəyəri artır. Bu səbəbdən də qiymətlər xeyli artıb”.

Ekspert bildirib ki, hazırda ölkəmizdəki kartof qiymətinin artımı dünya bazarına uyğun deyil:

“Bu gün dünya birjasında kartofun 1 kiloqramı Azərbaycan pulu ilə 52 qəpik təşkil edir. Burada keyfiyyətli kartofdan söhbət gedir. Həmin kartof Azərbaycanda 1 manat 50 və ya 1 manat 60 qəpiyə satılır. 1 manata satılan kartof isə birjalara çıxarılmır.

Bəs niyə ildən-ilə Azərbaycanda kartofun əkin sahəsi azalır? Kartofun əkin sahəsinin azalmasının bir neçə səbəbi var. İlk olaraq, vacib məqamlardan biri ölkəmizdə bu sahə üzrə kifayət qədər peşəkar kadrların olmamasıdır. Bu sahə ilə bağlı kəndlilərə və fermerlərə məsləhət verə biləcək peşəkarlar qalmayıb.

İkinci səbəb isə suvarma suyunun təmin edilməməsidir.

Bu, hökumətin üzərinə düşən bir vəzifədir. Hökumət təşkil etməlidir ki, istehsalçılar suvarma suyuyla təmin olunsun və lazımi halda əkinlərini suvara bilsinlər. Amma bu təşkil olunmur. Bəzən su növbə ilə verilir, bəzən isə heç verilmir. Kartof, bildiyiniz kimi, su sevən bitkidir. Ona görə də su ilə təmin edilməlidir.

Digər bir əsas səbəb isə toxumçuluğun Azərbaycanda inkişaf etdirilməməsidir.

Kartof toxumu kimi istifadə edilən material əslində toxum deyil, adi ərzaq üçün nəzərdə tutulmuş kartof yumrularıdır. Yəni, ərzaq üçün nəzərdə tutulan kartof yumrularından toxum kimi istifadə etmək birbaşa məhsuldarlığa təsir göstərir. Beləliklə, məhsuldarlıq artmaz, məhsulun keyfiyyəti yaxşılaşmaz və bu sahə inkişaf etməz. Bundan sonra ölkəyə gətirilən gübrələrin keyfiyyəti də aşağıdır. Kəndlilərimiz buna görə yaxşı nəticə əldə edə bilmirlər. Kartof elementlərə tələbatı olan bitkidir, xüsusilə kaliuma tələbatı çoxdur.

Digər bir səbəb isə kartofun saxlanılması üçün anbarların olmamasıdır. Bizim kəndlilər istehsal etdikləri kartofu saxlamaqda çətinlik çəkirlər.

Məhsul qısa müddət ərzində xarab olur. Məhsul ya heyvanlar üçün yemə çevrilir, ya da tullantı hesab edilir. Bu da kartofun 20-25 faizinin xarab olmasına gətirib çıxarır. Maraqlıdır ki, ölkəmizdə kartofun saxlanılması üçün kifayət qədər anbar yoxdur. Bu səbəbdən kartof istehsalı ilə məşğul olan kəndlilər və fermerlər əkin sahəsini genişləndirmirlər, əksinə azaldırlar ki, heç olmasa məhsuldarlıq kəskin şəkildə aşağı düşməsin. Bu problemlər öz həllini tapmır. Buna görə də Azərbaycanda kartof istehsalı azalır, maya dəyəri artır. Bu zaman da ölkəmiz xaricdən kartof idxal etməyə məcbur olur".

 Vahid Məhəmmədov bu sahədə monopoliyaların mövcud olduğunu bildirib:

“Çox təəssüflər olsun ki, idxal zamanı da monopoliyalar bu sahədə mövcuddur. Onlar da imkan vermir ki, azad sahibkarlar gedib digər ölkələrdən kartof gətirib, nisbətən ucuz qiymətə bazara təklif etsinlər. Bütün bu səbəblər ölkəmizdə kartofun qiymətini yüksəldir.

Son olaraq, bir daha qeyd etmək istəyirəm ki, bu günə olan məlumata əsasən dünya birjasında keyfiyyətli kartofun qiyməti Azərbaycanla müqayisədə 3 dəfə ucuzdur. Problem həm istehsalda, həm də idxalda monopoliyanın olmasıdır”.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki,  kartofdakı qiymət artımına dizel yanacağının qiymətinin artırılması da təsir edib:

“Hazırda kartof qiymətində artım müşahidə olunur. Bunun əsas səbəbi isə kartof yığımının olmaması ilə əlaqədardır. Hazırda yanvar ayıdır və bu ay kartof yığımı olmur. Hazırda yığılmış kartoflar bazarda və marketlərdə satılır. Fermerlər saxladıqları məhsulu hazırda baha qiymətə satırlar. Bu, iqtisadi cəhətdən hər il baş verən bir prosesdir. Fermer kartofunu qışa saxlayır ki, daha baha qiymətə sataraq gəlir əldə etsin.

Hazırda bazarda olan kartofların qiymət artımı həm də mövsümünlə əlaqədardır. Eyni zamanda, bu qiymətlərə dizel yanacağının qiymətinin artırılması da təsir edib. Bu, birbaşa olaraq bütün kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərdi. Kənd təsərrüfatı məhsulları yalnız kartofla məhdudlaşmır: soğan, pomidor, xiyar və digər bütün məhsullar da bu dəyişiklikdən təsirlənir. Yəni, bu məhsulları daşımaq üçün tək bir maşın yox, yüzlərlə yük maşını lazımdır. Amma bu məhsulların qiyməti digər məhsullara nisbətən xeyli ucuzdur. Buna görə də, daşınma xərcləri bu tərəvəzlərin qiymətinə çox təsir edir.

Misal üçün, bir maşın məhsulunu əvvəl 400 manata şəhərə və ya başqa bir əraziyə aparırdıqsa, indi bu xərclər 500-600 manat təşkil edir. Bu da kartof və digər tərəvəzlərin hər kiloqramına ciddi təsir göstərir. Üçüncü məsələ isə əmək haqqı və fərdi gəlirlərin artmasıdır. Sahibkar da deyir ki, buna görə o, daha çox qazanmaq üçün məhsulunu daha baha qiymətə satır”.

“Operativ Media”nın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin 9 ayı ərzində ölkəyə 22 423,2 min ABŞ dolları dəyərində 84 302,82 ton kartof idxal olunub. 20 470,85 ABŞ dolları dəyərində 42 834.08 ton kartof isə ixrac edilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində 65 kartof sortu qeydiyyatdan keçib, bunların 12-si yerli, 53-ü xarici kartof sortudur.

Nazirlik bildirib ki, kartof ölkənin demək olar ki, bütün regionlarında əkilib becərilir, amma ən çox kartofçuluğa maraq Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Cəlilabad, Qusar rayonlarındadır.

Seçilən
23
50
operativmedia.az

10Mənbələr