AZ

ARKA-nın dəstəyi ilə çəkilmiş filmlər təqdim olundu

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış “Narqız” animasiya, “Tərsinə kölgələr”, “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, “Narqız” animasiya, "Erkən hisslər" 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”, "Tərsinə kölgələr" 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”ndə qalib gəlmiş ekran əsərləridir.

Tədbirdə ARKA-nın Bədii Şurasında yer alan ssenarist, yazıçı İlqar Fəhmi, kinorejissor Yavər Rzayev müsabiqəyə təqdim olunan ssenarilərin keyfiyyətindən danışaraq belə müsabiqələrin ardıcıl təşkil olunmasının vacibliyini vurğulayıblar.

ARKA-nın baş direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu qeyd edib ki, ARKA film çəkmir, ancaq istehsalla məşğul olan kinoşirkətlərin çəkiliş və filmlərini nümayiş etdirmək üçün vacib olan münbit şəraiti təmin etmək üçün əlindən gələni edir.

Bildirildi ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.

“Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyevdir.

O saytımıza açıqlamasında bildirib ki, film Qarabağ mövzusundadır. "Filmdə müharibədən öncə və sonrakı proseslər animasiya dili ilə əks olunub. Əsas mina problemini qabartmışıq. Film 9 dəqiqədir və ARKA -nın dəstəklədiyi ilk animasiya layihəsidir".

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunmuş “Erkən hisslər”in gənc rejissoru Nurlan Həsənlidir.

Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi “Chinar Film” MMC tərəfindən istehsal olunub.


Müəllif: Nərmin Muradova
Seçilən
28
38
teleqraf.com

10Mənbələr