AZ

Türkan Gündüzün qətlinin detalları: Əri xadimə ilə xəyanət etdi, gecəyarısı...

Plastik cərrah Türkan Gündüz 2023-cü ilin mayın 7-də 1967-ci il təvəllüdlü həyat yoldaşı Muhammet Gündüz tərəfindən qətlə yetirilib.

Publika.az Teleqraf.com-a istinadən Muhammet Gündüzün cinayət işinin detallarını və ifadəsini əldə edib.

Əldə etdiyimiz istintaq sənədlərinə görə, Muhammet 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşadığı Türkanın 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycandan kənarda, Türkiyədə yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə bir ər kimi ona hörmət etməməsi qənaətinə gəlib.

Davamlı mübahisələr ər-arvad kimi onların münasibətlərində soyuqluq yaradıb. 7 may 2023-cü ildə gecəyarısı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində Türkan söhbət əsnasında kobudluqla onunla birlikdə yaşamaqdan imtina etdiyini deyib. Bu səbəbdən Muhammet Gündüz Türkana bıçaqla çoxsaylı zərbələr vurub.

Ümumilikdə 7 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Muhammet Gündüzün barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Muhammet ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Türkanla bir-birilərini sevərək ailə qurublar: “Mən Türkanı tanıyanda o, tələbə idi və həmin vaxtlardan onunla münasibətim yaranmağa başladı. Onun təhsilini davam etdirməsinə köməklik etdim. Türkanın ailəsi onunla evlənməyimizə razı deyildilər. Hətta bir gün Türkanın atası ilə dalaşaraq onu evdə qovdum.

Türkana da tası ilə görüşməməyi tapşırdım, onun dələduz olduğunu bildirdim. Dedim ki, atasının borclu olduğu şəxslər borclarının qaytarılması üçün dəfələrlə qapımıza gəliblər”.

Muhammet bildirib ki, 2018-ci ildən Türkan işləməyə başlayıb: “Həmin ildən də onun qazancı artmağa başladı. Bundan sonra məni alçaltmağa, adamlar arasında atmacalar atmağa başladı. Ona belə etməməsi barədə dəfələrlə xəbərdarlıqlar etmişdim. Bacısı mənim xadimə ilə Türkana xəyanət etdiyimi bildirdi. Lakin belə bir hal baş verməmişdi. Evə kameraların qoyulmasını mən təşkil etmişdim. Evdə kameraların olduğunu bildiyi halda, Türkana xəyanət etməyimdən söhbət gedə bilməzdi.

Türkiyənin Konya şəhərindəki evimdə işləyən xadimənin şəxsi nəqliyyat vasitəsi yox idi, o, evə ictimai nəqliyyatda gedib-gəlirdi. Həmin gün ona motosiklet aldığımı bildirdim. O da məni təbrik etdi, əl uzadıb yanağıma toxundu. Bundan başqa aramızda heç nə olmayıb. Türkan özü mənə deməsə də, bundan şübhələndiyini və qısqandığını hiss etmişdim. Məni qısqandığı halda, xadiməni işdən azad edəcəyimi dedim.

Bir gün Türkanın anası zəng etdi, həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu və qızını yanında görmək istədiyini bildirdi. Mən də təbii ki, etiraz etmədim. Hətta qızımıza da valideyn kimi rəsmi olaraq onunla ölkədən getməsinə icazə verdim. Onları Azərbaycana yola saldım. İki gün sonra Türkanın məndən boşanmaq istəməsi barədə rəsmi bildiriş aldım. Onunla əlaqə saxlayaraq, danışdım, səbəbi soruşdum. Türkan səbəb kimi xadimə ilə olan videogörüntüləri göstərdi. Mən vəziyyəti izah etdiyimi, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı bildirdim. Lakin o, mənə inanmadı”.

Muhammet qeyd edib ki, təqribən 7-10 gün sonra Azərbaycana gəlib: “Həmin vaxt Türkiyənin Antalya şəhərinə tətil üçün bilet də almışdım. Azərbaycana tətil bileti ilə birlikdə gəlməkdə məqsədim Türkanla barışmaq idi. Onu öldürmək üçün gəlməmişdim, onu öldürmək fikrim də olmayıb. Azərbaycana Türkana məlumat vermədən gəlmişdim, gələn kimi ona zəng vurdumm. Telefonu açdıqda, Gəncə şəhərində olduğunu bildirdi. Türkan həmin vaxt sərxoş vəziyyətdəydi. Mənə tibb bacısı ilə birlikdə olduğunu dedi. Ondan telefonu tibb bacısına verməyi tələb etdim. Amma bundan imtina etdi.

Türkan mənə nalayiq ifadələr səsləndirməyə başladı. Yenidən zəng edərək, Gəncə şəhərinə gələcəyimi dedim, orada birlikdə gəzməyi təklif etdim.

Yola düşdüm, Kürdəmirə çatanda Türkan artıq Bakıda evdə olduğunu bildirdi. Mən də geri qayıtdım, Nərimanov rayonunda yerləşən evə getdim. Türkan evdəydi, amma qapını açmırdı.

Qapını açdıqda vəziyyəti izah etdim, ona xəyanət etmədiyimə deyib and içdim. O da mənə inandığını bildirdi. Əvvəlki gün Gəncə şəhərində olub-olmadığını soruşdum. Əgər Gəncə şəhərində olmuşdursa, olduğu klinikanın rəhbəri ilə dəqiqləşdirəcəkdim. Türkan Gəncə şəhərində yox, başqa yerdə olduğunu bildirdi. Daha məsələni uzatmadım. Qızımı da götürərək bir az gəzdim və evə qayıtdım. Bu müddətdə aramızda heç bir problem olmadı”.

Seçilən
14
36
publika.az

10Mənbələr