Sarayevo, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, Sarayevo şəhərində yerləşən Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə keçirilən tədbirdə səfirliyin əməkdaşları, bu ölkədə təhsil alan tələbələrimiz və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Dostluq parkında ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüb, 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.
Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Azərbaycan xalqının tarixinə hüzn və qəhrəmanlıq günü kimi daxil olmuş Qanlı Yanvar hadisələri ilə bağlı çıxış edib.
Hüzn əlaməti olaraq səfirliyin ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı yarıya qədər endirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo