Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın Rusiyaya səfəri, apardığı danışıqlar bir çox məqamlar baxımından yaddaqalan olub. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun dedikləri bu mənada xüsusi diqqət cəlb edir. Lavrov Rusiya, Azərbaycan və Ermənistan başçıları arasında imzalanan razılaşmaların aktuallığını bildirib:
“Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli sazişlər xüsusilə regionda mövcud vəziyyət fonunda aktualdır. Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin liderləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşdırılmasına lazımi kömək göstərməyə hazırıq”.
O bildirib ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməyə hazırdır: “Regional təhlükəsizlik Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində əhəmiyyətli rol oynayır. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırıq. Üçtərəfli razılaşmalar əsasında bütün treklərdə yardım etməyə hazırıq. Hesab edirik ki, regiondakı hazırki vəziyyəti nəzərə alsaq, üçtərəfli razılaşmalar əvvəlki kimi aktualdır”. Onun sözlərinə görə, Moskva İrəvan və Bakıya onlar maraqlı olduqları təqdirdə münasibətlərin normallaşmasının bütün istiqamətləri üzrə, sülh müqaviləsinin müddəalaırnın işlənib hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası və regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına yardım etməyə hazırdır. “Əlbəttə ki, humanitar məsələlərdə də Rusiya Ermənistana və Azərbaycana yardım etməyə hazırdır”. Lavrov görüşdə “3+3” regional əməkdaşlıq formatının gələcək fəaliyyətində maraqlı olduqlarını təsdiqlədiklərini də söyləyib: “Üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusu olan Rusiya, İran və Türkiyə…Bu platformanı olduqca perspektivli hesab edirik”. Beləliklə, Rusiya bir daha Ermənistandan üçtərəfli razılaşmalara əməl olunmasını, başqa qüvvələri regiona gətirməməsini tələb edir. Rus ekspert Stanislav Tkaçenko deyib ki, Lavrov İrəvanı öhdəliklərini yerinə yetirməyə çağırıb. Amma Ermənistan buna tələsmir: “Əvvəla, daxili siyasi səbəblər Ermənistana müharibədən sonra əldə olunan razılaşmaları yerinə yetirməyə imkan vermir. Ararat Mirzoyan bildirib ki, regionda bütün nəqliyyat marşrutları açıla bilər, lakin Ermənistan bunda dəqiq maraqlı deyil, çünki bütün kommunikasiyaların açılması ilə o, kozırını itirir. Ermənistan Zəngəzur dəhlizi məsələsi ilə Azərbaycanla danışıqlara təsir göstərə biləcəyinə ümid edir. Rusiyanın Ermənistan-Azərbaycan nizamlanmasının asanlaşdırılmasında, tərəflər arasında etimadın yaradılmasında mühüm rolu var. İndilikdə tərəflər arasında etimad yoxdur, bu, danışıqları çətinləşdirir. Rusiya hər iki dövlətlə müttəfiqlik münasibətlərinə malikdir və Cənubi Qafqazda vəziyyətin normallaşdırılması məsələlərində onlardan eyni məsafədə yerləşir, buna görə də hər iki tərəf həssas məsələlərin həllində Moskvaya etibar edə bilər”.
Ekspert xatırladıb ki, Rusiyanın Zəngəzur dəhlizində iştirakı ilkin olaraq nəzərdə tutulurdu: “Rusiya Federasiyasının sərhəd qoşunlarının cəlb olunduğu Ermənistan hissəsində nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini təmin etməli idi. Hesab edirənm ki, tərəflər öz siyasi iradələrini təsdiqlədikdən sonra biz bu marşrut üzrə hərəkəti tənzimləyəcəyik. Düşünürəm ki, zaman keçdikcə Rusiyanın səylərinə və xidmətlərinə ehtiyac daha da artacaq”. Bir daha xatırladaq ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalanmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, İrəvan üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Məhz həmin razılaşmaya görə, regional kommunikasiyalar, yəni Zəngəzur dəhlizi açılmalıdır. Yəni, Zəngəzur dəhlizi 2020-ci ildə imzalanmış bəyanatda öz əksini tapıb və burada Ermənistanın Azərbaycanın qərb bölgələri ilə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə məhdudiyyətsiz əlaqələrin yaradılması öhdəlikləri var. Türkiyəli siyasi ekspert Öz bildirir ki, Zəngəzur dəhlizindən ilk olaraq təsirlənəcək ölkələr Türkiyə, Azərbaycan və Ermənistan olacaq. Bununla belə, dəhlizin birləşdirəcəyi regionlar nəzərə alındıqda onun İran, Rusiya, Çin, hətta Avropanın yaxından izlədiyi bir layihə olduğu aydın görünür. Onun sözlərinə görə, Zəngəzur dəhlizi beynəlxalq dəhliz statusunu daşıyacaq: “Həm dəmir, həm də avtomobil yolları kimi çox vacib əlaqə xətlərini təmin edəcək dəhliz Türkiyənin türk dünyası ilə, xüsusilə Azərbaycanla hər cür əlaqəsini inkişaf etdirməsi üçün çox əhəmiyyətlidir. Azərbaycan üçün də xüsusi önəmi ölkənin həm də transfer mərkəzinə çevrilməsidir. Çindən Avropaya uzanacaq xətt Bakı-Tiflis-Qars üzərindən də bir çox əlaqə xətti yaradacaq”. İsmail Öz onu da bildirib ki, dəhlizin təhlükəsizliyinin təmin edilməsi üzərinə düşən Rusiya da bu məqamda Ermənistan hakimiyyətinin siyasətinə qarşı çıxır: “Rusiyanın Türkiyə ilə yaxın əlaqələri də bu baxımdan çox önəmlidir. Ukrayna müharibəsi səbəbindən çətin vəziyyətdə olan Rusiyanın Qərbə qapısı olan Türkiyənin Şərqə və Asiyaya müxtəlif yollarla çıxışının danılmaz əhəmiyyəti var”.
Samirə SƏFƏROVA