İlyas Hüseynov: “Tramp qəti şəkildə prinsipial mövqeyini ortaya qoyur, bu çox mühum yanaşmadır”
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışında ölkənin rəsmi siyasətində dəyişiklik ediləcəyini bəyan edib. O, ABŞ-ın yalnız iki cinsi - kişi və qadını tanıyacağını bildirib: “ABŞ-ın siyasəti kişi və qadın olmaqla, iki cinsi tanımaqdan ibarət olacaq". Trampın bu açıqlaması andiçmə mərasimində iştirak edənlər tərəfindən xüsusi alqışlarla qarşılanıb.
Onu da qeyd edək ki, Donald Tramp ABŞ-da iki dəyişməz cinsin – kişi və qadın cinslərinin tanınması, həmçinin, gender ideologiyasından imtina ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, "qadın" və "qız" sözləri müvafiq olaraq azyaşlı və yetkinlik yaşına çatmış qadın cinsindən olan şəxslərə, "kişi" və "oğlan" isə kişi cinsindən olan şəxslərə aiddir.
Fərmanda, cinsiyyəti fərdin istəyi ilə dəyişdirilə bilən bir anlayış kimi təsnif edilən gender ideologiyası tənqid olunur. Belə ideologiyanın tərəfdarlarının bəyanatları yanlış hesab olunmalıdır. Tramp, həmçinin, bioloji xüsusiyyətlərə əsaslanaraq yalnız müvafiq cinsdən olan insanların istifadə etdiyi şəxsi məkan şərtlərini də təyin edib.
Maraqlıdır, Trampın bu qərarından sonra dünya dövlətlərində, eləcə də Azərbaycanda LGBT, transgenderlər, homoseksuallar məsələsi necə tənzimlənəcək?
“Destruktiv, insan həyatına, ömrünə və adətlərin dağıdılmasına təsir edən mənfi tendensiyalardan kənar durmaq mühum xarakter daşıyır”
Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Donald Trampın andiçmə mərasimi çox təntənəli və dəbdəbəli idi: “Andiçmə zamanı Tramp bir sıra məsələlərə toxundu. Tramp həm daxili, həm də xarici siyasətlə bağlı mühum tezislər səsləndirdi. O cümlədən, demokratların dövründə baş verən, onların təhriki ilə dünyada cərəyan edən tendensiyalar fonunda Tramp açıq şəkildə bəyan edir ki, dünyada iki cins var: qadın və kişi. Bu çox mühum açıqlamadır. Ayrı-ayrı geosiyasi güc mərkəzləri LGBT ideyalarını gücləndirir, homoseksuallara, transgenderlərə bir sıra imtiyazlar verməklə məşğuldur. Tramp isə qəti şəkildə prinsipial mövqeyini ortaya qoyur, bu çox mühum yanaşmadır. Ənənəvi dəyərlərə, adətlərə, tarixi keçmişə özündə hörməti ehtiva edir. Hesab edirəm ki, belə yanaşmaları siyasətçilər tətbiq etməlidir. Destruktiv, insan həyatına, ömrünə və adətlərin dağıdılmasına təsir edən mənfi tendensiyalardan kənar durmaq mühum xarakter daşıyır. Bununla bağlı Trampın düşüncələrini təqdir etmək lazımdır, həmçinin, əxlaqi dəyərləri pozmağa çalışan güc mərkəzlərinə də bu bir mesajdır. Ən azı, qarşıdakı 4 il ərzində ABŞ mərkəzli dünya siyasətində onların heç bir planı yerinə yetirilməyəcək”.
Günel CƏLİLOVA