ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə maraqla gözlənilən məsələlərdən biri də Vaşinqton-Ankara münasibətlərinin necə olacağıdır.
Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri yaxşı olsa da, iki ölkənin Yaxın Şərqdə üst-üstə düşməyən maraqları var. Xüsusən də ABŞ-ın Suriyada YPG, PYD, PKK kimi terror təşkilatlarına açıq dəstək verməsi, Ankaranın bu qruplaşmalara qarşı hərbi əməliyyat keçirməsinə mənfi təsir edir.
Tramp Ərdoğanla Yaxın Şərq üzrə razılaşmaya nail ola bilərmi? Ankara Suriyanın şimal-şərqində PYD və YPG-yə qarşı əməliyyat keçirəcək?
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Donald Trampın ikinci prezidentlik dönəmində ABŞ-Türkiyə münasibətlərində müəyyən dərəcədə dəyişikliklərin olması gözləniləndir:
“Trampın iqtisadi prioritetləri nəzərə alınaraq, Vaşinqton və Ankara arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi təşviq oluna bilər. Həmçinin Ağ Evin yeni rəhbərinin Türkiyə Prezidenti ilə şəxsi münasibətləri bir qədər pozitiv idi. Bu əlaqələr davam edərsə, ikitərəfli münasibətlərdə yumşalma müşahidə olunacaq.
S-400 və F-35 mövzuları ilə bağlı da müəyyən irəliləyişlərin olması güman edilir. Vurğulamaq lazımdır ki, ABŞ-ın sanksiyaları və müdafiə sənayesi sahəsindəki mübahisələr hələ də həll olunmamış qalır. Ağ Ev rəhbəri sanksiyaların icrasını yumşalda bilər, amma bu, tamamilə ABŞ Konqresinin təsirindən asılıdır”.
Vüqar Zifəroğlu