Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Müstəqil Azərbaycanın Konstitusiyasının 30 illiyi tamam olur. Bu ötən müddət ərzində Azərbaycan Respublikasının Konstitusiyası yetərincə işlək olub, dövlət maraqlarına yetərincə uyğun olub və o Konstitusiya çərçivəsində hətta ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi tam olaraq bərpa etmişik. İndi növbəti mərhələ başlayır və bu mərhələdə düşünürəm ki, yeni konstitusiyaya ehtiyac var. Söhbət Konstitusiyanın birdəfəlik ləğv edilib yerinə tam olaraq yenisinin qəbul edilməsindən getmir. Söhbət yenilənmiş Konstitusiyadan gedir. Yəni referendum keçirib, bəzi dəyişikliklər etmək zərurətdir. Bunlardan birincisi, yəni dəyişikliklərdən birincisi, əlbəttə ki, ölkənin inzibati ərazi vahidləri ilə bağlı olmalıdır. Yəni Azərbaycanda artıq xırda-xırda rayon idarəetməsindən imtina etməyin vaxtı çatıb.
İkincisi, Azərbaycan parlamentinin yenilənməsinə zərurət var. 95-ci il konstitusiyası ilə 125 deputat yeri olan Parlamentimizin artıq deputat yeri ilə təmin edilməsi vacibdir. Çünki Azərbaycan böyüyüb, beynəlxalq əlaqələri genişlənib, ölkənin ümumiyyətlə çağırışları fərqlidir. Ona görə də daha çox deputata ehtiyac var və üstəlik də Azərbaycanda çoxpartiyalı sistem oturuşub. Ona görə də konstitusiyamızda dəyişiklik edərək, proporsional seçki sisteminin də geri qaytarılmasına zərurət var. Yəni artıq biz sadəcə majoritar deyil, qarışıq seçki sistemində seçki keçirməli, parlamenti formalaşdırmalıyıq. Əlbəttə ki, bu məcrada uyğun olarsa, düşünürəm ki, dövlət dili ilə bağlı müzakirələr açmaq olar. Əgər onun da vaxtı çatıbsa, bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qurulanda onun dövlət dili türk dili idi. Azərbaycanla bərabər 1923-cü ildə qonşu Dağıstanın da dövlət dili türk dili elan edilmişdi və ümumiyyətlə bizim bu gün Azərbaycan dili kimi müstəqil bir dil olaraq qəbul etdiyimiz və dövlət dili elan etdiyimiz dil əslində türk dilidir. Azərbaycan Respublikası da Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğuna görə artıq o məsələni də üzərinə qayıtmaq olar. Düşünürəm ki, bu vaxtda müzakirələr açılmasına da elə bir əngəl olmayacaq. Əlbəttə, indi sual oluna bilər ki, niyə bu müddətdən sonra, yaxud da ki, niyə Azərbaycan müstəqilliyini elan etdikdən sonra yenə də türk dilini dövlət dili elan etmişdi, amma sonra Konstitusiyaya Azərbaycan dili ifadəsi salındı. Bu, həmin dövrün tələblərindən irəli gəlirdi. Ulu öndər Heydər Əliyev yetərincə qarşıdurmaların olduğu, vətəndaşlar arasında ayrı-seçkiliyin olduğu, doğrudan da insanlar arasında bir-birini anlama problemi olduğu dövrdə Azərbaycan dili ifadəsini konstitusiyaya qaytarmaqla, yeni Konstitusiyaya gətirməklə, əslində o dövrün çaxnaşmalarının qarşısını aldı. Amma artıq Azərbaycan həmin mərhələni çoxdan arxada qoyub. Xalqımız artıq türk kimliyimizlə bağlı əlavə suallar vermir, üstəlik də Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvüdür və təbiidir ki, belə bir şəraitdə biz üzvü olduğumuz təşkilatın ruhuna uyğun olaraq öz dilimizin adını da bərpa etməliyik. Ola bilər ki, indi variantlar təklif olunsun, Azərbaycan türkcəsi və s. Amma mən düşünürəm ki, bu, birbaşa türkcə olmalıdır. Çünki dünyada buna bənzər örnəklər az deyil. Misal üçün, elə ərəblərdə götürək, iyirmidən artıq ərəb dövləti var. Bunların hamısının dili ərəb dilidir, elə ərəb dili də adlanır. Amma bəzən baxırsan ki, Afrikanın o başında yaşayan ərəblə bu başında yaşayan ərəb bir-birini anlamır. Lakin dillərinə yenə də ərəb dili deyirlər. Yəni bu bir ləhcə fərqidir, dialekt fərqidir. Bizim dillərimizdə də, türk dillərində də bu var. Ona görə də mən düşünürəm ki, artıq bu şeylər açıq danışılmalı və müzakirə edilərək yeni yanaşma ortaya qoyulmalıdır. Yəni dediyim odur ki, konstitusiya ilə bağlı görüləcək işlərimiz az deyil. Yəqin ki, bəlli bir müddət sonra bu müzakirələr başlayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31