AZ

"İnsan alveri ilə mübarizədə sosial-iqtisadi dəstək vacibdir" - QHT sədri

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında insan alveri probleminin geniş yayıldığını və xüsusilə sosial-iqtisadi vəziyyəti zəif olan əhali qruplarına daha çox təsir etdiyini bildirib.

Zülfiyyə Nuriyevanın sözlərinə görə, kimsəsiz uşaqlar, baxımsız ailələr, məişət zorakılığından əziyyət çəkən şəxslər və sosial müdafiəsiz təbəqələr insan alverinin potensial qurbanlarıdır. Problemin əsas səbəbləri arasında əhalinin sosial və iqtisadi vəziyyətinin aşağı olması xüsusi rol oynayır.

“Əhalinin sosial vəziyyəti aşağı olduqca, onların insan alveri qurbanı olma riski artır. Bu riskin azaldılması üçün məşğulluq layihələri həyata keçirilir, peşə təhsili kursları təşkil olunur və insanların işlə təminatı üçün mexanizmlər yaradılır,” – deyə Nuriyeva vurğulayıb.

O, həmçinin təhsilin vacibliyinə diqqət çəkib: “Təhsil gənclərin və həssas təbəqələrdən olan şəxslərin insan alverindən qorunmasında mühüm rol oynayır. Təhsildən yayınma və erkən yaşlarda təhsilsizlik problemi daha çox qurbanların yaranmasına şərait yaradır. İnsan yalnız bilik və məlumatlılıq əsasında öz təhlükəsizliyini qoruya bilər.”

Zülfiyyə Nuriyeva qeyd edib ki, təşkilat insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işlərini davam etdirəcək. “Xüsusilə sosial vəziyyəti çətin olan ailələrə dəstək göstərərək bu problemlərin həllinə müasir yanaşmalarla töhfə verməyə çalışacağıq,” – deyə o bildirib.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
18
30
qht.az

10Mənbələr