“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhbalı Nağıyev QHT.az-a verdiyi açıqlamada Azərbaycanda iqtisadi maarifləndirmənin vacibliyinə diqqət çəkib. O bildirib ki, ölkədə yaşayan və fəaliyyət göstərən insanların bu sahədə bilik və bacarıqlar əldə etməsi üçün daha geniş tədbirlərə ehtiyac var.
Möhbalı Nağıyev vurğulayıb ki, dövlət qurumları və özəl şirkətlər iqtisadi maarifləndirmə istiqamətində müxtəlif layihələr və tədbirlər həyata keçirirlər. Lakin araşdırmalar göstərir ki, bu fəaliyyətlər iqtisadi biliklərə və bacarıqlara yiyələnmək istəyən bütün insanları tam əhatə etmir:
“İstənilən tədbir və ya layihə müəyyən qrup insanlar üçün nəzərdə tutulur və icra edilir. Bu isə geniş kütlənin iqtisadi biliklər əldə etməsini məhdudlaşdırır. O ki qaldı işsizlik səviyyəsinin azaldılması və məşğulluğun (peşə təhsili üzrə) artırılması məsələsinə, burada da müəyyən addımlar atılır, işlər görülür. Qeyd etdiyim kimi, bu çətinliklərin aradan qaldırılması üçün kompleks maarifləndirmə kompaniyalarının təşkili və həyata keçirilməsi vacibdir. Onu da qeyd edim ki, bu gün orta məktəblərdə məktəblilərin peşə bacarıqlarının artırılması üçün geniş tədbirlər planı (proqramlar) hazırlanmalıdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər peşə təhsili üzrə biliklərin ancaq bir qismini əhatə edir. Ümumiyyətlə, həm gənclərin, həm işaxtaran insanların iqtisadi sahədə maarifləndirilməsi bu günün ən vacib prioritet sahələrindəndir".
Möhbalı Nağıyev dövlət sektoru, özəl sektor və ictimai təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, belə bir əməkdaşlığın gənclərin və işaxtaran insanların əmək bazarına inteqrasiyasına müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.
Pərvanə Fərhadqızı