AZ

Xaricdən Azərbaycana gətirilən avtomobillər bahalaşdı 

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana  1 milyard 566 milyon 604 min dollar dəyərində 82 min 434 ədəd minik avtomobil idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.
2023-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərin idxalı dəyər ifadəsi ilə 51 milyon 287 min dollar və ya 3,4% artıb, miqdar ifadəsi ilə isə 5 min 717 ədəd və ya 6,5% azalıb.
Ötən ilin eyni dövründə xaricdən 1 milyard 515 milyon 317 min dollar dəyərində 88 min 151 ədəd minik avtomobili gətirilmişdi.
1 ədəd minik avtomobilinin orta idxal qiyməti 2024-cü ilin 12 ayının nəticələrinə görə orta hesabla 19 min 4 dollar (32 min 307  manat) olub ki, bu da son  bir ildə 1 814 dollar (3 min 84 manat) və ya 10,6% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-dekabr aylarında isə 1 ədəd minik avtomobilinin orta idxal qiyməti 17 min 190 dollar (29 min 233 manat) olub. ən çox bahalaşan avtomovillər isə hibrid avtomobilləridir.
Bəs Azərbaycana gətirilən minik avtomobillərində qiymət artımına səbəb nədir?
Bu barədə Moderator.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, ölkəyə idxal olunan avtomobillərin qiymətlərində müəyyən artımlar müşahidə olunsa da, bu dəyişikliklər hər hansı yeni rüsumların tətbiqi ilə əlaqədar deyil. Bildiyiniz kimi, idxal rüsumlarında artım qeydə alınmayıb:
 “Qiymət artımları əsasən idxal olunan avtomobillərin daha yeni modellərə yönəlməsi ilə bağlıdır. Misal üçün, üç il öncə ölkəmizə əsasən daha köhnə, dəyəri 10.000 manatdan başlayan avtomobillər gətirilirdi. 2023-cü ildə qəbul olunan qərara əsasən isə, yaşı 10 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət qoyuldu. Bu səbəbdən idxal prosesində daha yeni modellərə üstünlük verilir. Təbii ki, nisbətən yeni avtomobillərin qiyməti daha köhnə modellərə nisbətən yüksək olur və bu, ümumi bazarda qiymətlərin yüksəlməsinə səbəb olur. Eyni zamanda, Azərbaycanda hibrid və elektromobillərə maraq artmaqdadır. 2024-cü ilin yanvar-dekabr aylarında ölkəyə 679 milyon 489 min dollar dəyərində 26.197 ədəd hibrid avtomobil idxal olunub. Hazırda bazarda qiymətlər sabitdir və hibrid-elektromobillərin idxalının artması qiymətlərə hələ ki, kəskin təsir göstərməyib. Bununla yanaşı, təklif artdıqca qiymətlərin dəyişməsi ehtimalı mövcuddur”.
 
“2025-ci ilin mart ayına, yəni Novruz tətillərinə qədər avtomobil qiymətlərində kəskin dəyişiklik gözlənilmir və sabitliyin qorunacağı ehtimal edilir. İkinci rüb üçün dəqiq proqnoz vermək çətindir. Avtomobil bazarı manatın məzənnəsinə bağlıdır. Milli valyutamız dollara nisbətdə möhkəm qalarsa, qiymətlərin sabit qalacağı gözlənilir,- deyə Eldəniz Cəfərov şərh edib.
 
Mehin Mehmanqızı
Seçilən
17
27
moderator.az

10Mənbələr