Milli Hidrometeorologiya Xidmətinin yanvarın 27-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçib. Lənkəran-Astara bölgəsində yağıntılar intensiv olub, Yardımlıya qar yağıb.
Belə ki, düşən yağıntının miqdarı Astarada 19, Lənkəranda 13, Lerikdə 7, Gəncə, Naftalan, Şabran, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, İmişli, Biləsuvarda 5 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.
Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik, Sumqayıt, Maştağada duman müşahidə olunub. Dumanda görünüş 200-700 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.