AZ

Trampın Ərazi Ambisiyaları: Planları Reallaşacaqmı? - Rəy

 ABŞ- ın yeri rəhbəri Donald Tramp yenidən gündəmə damğa vuracaq bəyanatlarla çıxış edir. O, ABŞ-ın ərazisinin əhəmiyyətli dərəcədə artacağına işarə edərək, ölkənin böyümək istiqamətində ciddi planlarının olduğunu bildirib. Tramp müharibələrə son qoyacağını, Rusiyanın Ukrayna ərazilərini işğalına yol verməyəcəyini, eyni zamanda, Çinin ərazisini böyüməyə imkan verməyəcəyini deyir. Özü isə ölkəsini genişləndirmək  fikrində israrlıdır. Lakin Rusiya və Çin kimi güclərin Trampın istəyinə uyğun hərəkət edib-etməyəcəyi hələ də sual altındadır. 2025-ci ildə bu bəyanatların arxasında dayanan planların reallaşması mümkün olacaqmı? 
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Samir Hümbətov deyir ki, Donald Trampın ərazi genişlənməsi ilə bağlı verdiyi bəyanatlar ABŞ-ın qlobal mövqeyini gücləndirmək üçün güc tətbiq etmə niyyətindən xəbər verir:
“Tramp, Panama kanalının  ABŞ-ın nəzarətinə keçməsini, Kanadanı 51-ci, Qrenlandiyanı isə 52-ci ştat kimi görməyi planlaşdırdığını açıq şəkildə ifadə edib. Hətta Panamanı işğal edib 53-cü ştat kimi qəbul etmək istəyini belə vurğulayıb. Lakin bu mövqelər ABŞ-ın dərin dövlətinin xarici siyasət strategiyası ilə Trampın istəkləri  hər zaman üst-üstə düşmür. Digər tərəfdən, Tramp bu planları reallaşdırmağa çalışsa, qlobal miqyasda ABŞ-a qarşı aqressiv mövqe tutan bir koalisiyanın formalaşmasına səbəb ola bilər. Trampın bəyan etdiyi istəklərin həyata keçirilməsi yalnız onun fərdi qərarları ilə mümkün deyil. Bu prosesdə  ABŞ-ın daxili idarəetmə sistemi, siyasi müttəfiqləri ilə  həmrəy olmalıdırlar”.
Siyasi şərhçi əlavə edib ki, ABŞ-ın daxili idarəetmə sistemi, siyasi müttəfiqləri Çinlə və Rusiya ilə münasibətlərdə Trampın mövqeyini, yəni Amerikanın mövqeyini dəstəkləyə bilərlər, amma digər məsələləri həyata keçirmək  çətindir:
“Həm Çinlə, həm də Rusiya ilə  münasibətlərdə Amerika görünür ki, bir növ çox da sürətli bir şəkildə addımlar atmaq imkanına malik deyil. Ukraynaya dəstək siyasətini davam etdirəcəyi və Rusiyanın Ukraynaya tam nəzarət etməsinə imkan verməyəcəyi ehtimalı yüksəkdir. Bununla yanaşı, Ukraynanın yalnız məhdud bir ərazidə mövcudluğunu təmin etməyə çalışaraq Rusiyanın daha genişmiqyaslı irəliləyişlərinə mane olmağa çalışa bilər. Çinlə münasibətlərdə isə Tayvan məsələsi, Cənubi Çin dənizindəki gərginlik və Afrikadakı rəqabət kimi əsas mövzular diqqət mərkəzindədir. Trampın bu istiqamətlərdə sərt mövqeyi həm ABŞ-ın maraqlarını qorumağa yönəlib, həm də Çinin geosiyasi gücünü məhdudlaşdırmağı hədəfləyir. Lakin qlobal siyasətin yalnız Amerikanın istəkləri üzərinə qurulması qeyri-real görünür. 2025-ci ildə tərəflər arasında silahlı qarşıdurmadan çox, siyasi və ideoloji toqquşmaların şahidi olmaq ehtimalı daha yüksəkdir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
22
50
moderator.az

10Mənbələr