ABŞ hava yolu ilə deportasiya edilən qeyri-qanuni mühacirləri qəbul etməyən Kolumbiya dövlət məmurları və onların yaxın ailə üzvləri üçün vizaların məhdudlaşdırılmasına qərar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, deportasiya edilmiş kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəsinə enməsinə icazə verməyən Kolumbiya prezidenti Qustavo Petroya reaksiya verən açıqlamada ABŞ-nin prioritet gündəmi olan deportasiya tətbiqlərini davam etdirəcəyi bildirilib.
ABŞ-nin geri addım atmayacağı və viza məhdudiyyətinin Kolumbiya öz vətəndaşlarının geri qaytarılmasını qəbul etmək öhdəliyini yerinə yetirənə qədər davam edəcəyi vurğulanıb.
Ağ Evin yaydığı məlumata görə, Kolumbiya hökuməti ABŞ-dən deportasiya edilən ölkə vətəndaşlarının qeyd-şərtsiz qəbulu ilə bağlı Prezident Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb.
Bununla belə bildirilib ki, Kolumbiya miqrantların ilk qrupunu qəbul etməyənə qədər kolumbiyalı məmurlara qarşı viza məhdudiyyətləri və sərhəddə gücləndirilmiş yoxlama ilə bağlı tədbirlər qüvvədə qalacaq.