Vaxtaşırı cəmiyyətimizdə gənc oğlanların özlərindən xeyli yaşca böyük xanımları sevməsi və onlarla birgə yaşamaq qərarı verdiyinə dair hallar artmaqdadır. Valideynlərin ciddi etirazlarına baxmayaraq, bu gənclərin öz hisslərindən vaz keçmədikləri, seçdikləri insanla birlikdə olmaqda israr etdikləri müşahidə edilir. Bəs bu münasibətlərin arxasında dayanan əsas səbəblər nələrdir? Gənc oğlanların yaşca böyük xanımlara meyl göstərməsinin kökündə valideyn sevgisinin çatışmazlığı, psixoloji faktorlar, yoxsa başqa sosial və emosional nüanslar dayanır?
Bu barədə Moderator.az-a danışan psixoloq Samirə Bağırova deyir ki, gənclərin özündən yaşca böyük əks cinsə meyil etməsi həqiqətən də, hər dövrdə müzakirə olunan məsələlərdən biridir:
“Gənc qızların özlərindən yaşca böyük kişilərə, gənc oğlanların isə yaşca böyük qadınlara meyl etməsi cəmiyyətdə müxtəlif reaksiyalarla qarşılanır. Maraqlıdır ki, illər keçdikcə bu insanlar özləri orta yaşa çatdıqda daha gənc partnyorlara meyl göstərə bilirlər. Beləliklə, qəribə bir paradoks yaranır. Yaşca kişidən böyük olan qadınlar bir çox kişinin təxəyyülündə müdrik, təcrübəli və yüksək enerjili obrazı ilə yadda qalır. Psixoanalitikanın banisi Ziqmund Freydin nəzəriyyəsinə əsasən, bu meylin kökləri psixoseksual inkişafın edip mərhələsinə gedib çıxır. Freyd qeyd edir ki, 3-5 yaş arasında uşaqların anaya olan aşırı sevgisi sağlam şəkildə tamamlanmazsa, gələcəkdə öz yaşıdlarına deyil, daha yaşlı insanlara meyl edə bilərlər. Bu mərhələdə uşağın anasından aldığı sevgi, diqqət və qayğının miqdarı mühüm rol oynayır. Əgər ana kifayət qədər yanında olmursa və ya uşağın emosional ehtiyaclarına cavab vermirsə, bu, gələcəkdə uşağın içindəki yarım qalmış ehtiyacların tamamlanması üçün yaşca böyük qadınlara yönəlməsinə səbəb ola bilər".
Psixoloqun sözlərinə görə, əgər uşaq ehtiyac duyduğu qədər ana sevgisi, diqqəti və qayğısı ala bilməzsə, bu, onun daxili dünyasında yarımçıq qalan emosional boşluq yaradır:
Bu cür hallar xüsusilə işləyən anaların uşaqları ilə kifayət qədər vaxt keçirə bilmədiyi vəziyyətlərdə müşahidə olunur. Belə uşaqlar yetkinlik yaşında və daha sonra özlərindən yaşca böyük qadınlara meyl etməyə başlayırlar:
“Bu münasibətlər, əslində, onların içindəki "yarımçıq qalmış uşağın" ehtiyaclarını tamamlayaraq, psixoloji tarazlıq yaratmağa yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər. Belə hallarda yaşca böyük qadınlar bir növ ana fiqurunun davamı kimi qəbul edilə bilər və bu, kişilərin onlara qarşı duyduğu marağı artırır. Bununla yanaşı, travmaların çoxu, xüsusilə uşaqlıqda alınan emosional zərbələr, yalnız psixoloji deyil, həm də cinsi bağlılıqlar və problemlərin yaranmasına səbəb ola bilər. Belə vəziyyətlər şəxsin gələcək münasibətlərinə və özünü dərk etməsinə əhəmiyyətli dərəcədə təsir edir. Uşaqlıq dövründə sevgi və diqqət çatışmazlığı yetkinlikdə daha mürəkkəb emosional problemlərin əsasını qoya bilər və bu, fərdin həm şəxsi həyatını, həm də sosial davranışını formalaşdırır. Ümumiyyətlə travmaların çoxu ya cinsi bağlılıqlar, ya cinsi problemlər yaradır”.
Mehin Mehmanqızı