"Rusiya ilə müharibə təhlükəsi ilk növbədə Şərqi Avropa ölkələri üçün aktualdır..."
Avropa boyunca qitənin "ağlasığmaz" ssenariyə hazırlaşdığına dair əlamətlər var.
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşri yazıb.
Nəşr qeyd edir ki, Litvada Rusiya ilə sərhəddəki körpülərin minalanmasına hazırlıq görülür. Baltik dənizində NATO gəmiləri Rusiya donanmasının sualtı rabitə kabellərini kəsməkdə ittiham olunan "kölgə donanmasını" izləyir. Bundan əlavə, Avropanın səmasında İsrailin "Dəmir Qübbəsi" sisteminə bənzər irimiqyaslı raketdən müdafiə sistemi qurmaq planlaşdırılır.
"Avropa hökumətləri və vətəndaşları narahatdır ki, güclənmiş Kreml Ukraynadan sonra ordusunu Qərbə qarşı yönəldə bilər. Eyni zamanda, ABŞ-ın yeni prezidentinin təcridçi mövqeyi NATO-nun tarixi müttəfiqlərini Rusiya tərəfindən hücuma məruz qalacağı təqdirdə müdafiə etməyə bilər", -
məqalədə vurğulanır.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Rusiya lideri Vladimir Putini tənqid etsə də, mövqeyinin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərməyib. "Fox News" nəşrinə verdiyi müsahibədə o, bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski "daha güclü bir qüvvə ilə mübarizə aparır" və buna getməməli idi, çünki biz razılığa gələ bilərdik".
Tramp NATO və Avropa haqqında az danışıb, lakin Avropa ölkələrindən müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağı tələb edib. O, həmçinin ABŞ-ın Ukraynanın müdafiəsinə Brüsseldən daha çox pul xərclədiyindən şikayətlənib. "NATO daha çox ödəməlidir. Bu gülüncdür, çünki bu, onlara bizdən daha çox təsir edir. Axı aramızda okean var", - Tramp bildirib.
"Putin Qərblə müharibəyə hazırlaşır"
Avropa rəsmiləri dəfələrlə Putinin Qərblə müharibəyə hazırlaşdığını bildirib. Onların sözlərinə görə, Moskva artıq seçkilərə müdaxilədən tutmuş təyyarələrin yandırıcı bombalarla vurulmasına qədər "hibrid müharibə" hücumlarında ittiham olunur.
"Avropalılar bu məsələyə çox ciddi yanaşır", - ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hoses bildirib. Onun sözlərinə görə, Şərqi Avropa ölkələri, xüsusən də Rusiya ilə sərhəddə yerləşənlər təhlükəni daha real qəbul edir. "Ancaq Qərbi Avropada və ya ABŞ-da, yəni təcavüzkar dövlətdən uzaqda yaşayanlar bu fikirdədir ki, "bu, baş verməyəcək".
Avropa İttifaqının nümayəndəsi nəşrə göndərdiyi elektron məktubda qeyd edib: "Avropa ən ekstremal hərbi ssenarilərə hazır olmalıdır. Müharibənin qarşısını almaq üçün daha çox xərcləməliyik. Daha çox gözləsək, bu, bizə baha başa gələcək."
Baltikyanı ölkələr xüsusilə risk altındadır
"NBC News" qeyd edir ki, Rusiya ilə münaqişəyə ən həssas ölkələr Baltikyanı dövlətlər- Litva, Latviya və Estoniyadır.
"Sovet İttifaqı tərəfindən onilliklər ərzində işğal olunmuş bu qərbləşmiş ölkələr indi "Baltik müdafiə xətti" qurur. Bu xətt yüzlərlə kilometr uzunluğunda sərhəd boyunca tank əleyhinə xəndəklər və istehkamlarla gücləndirilmişdir.
Litva artıq tankların qarşısını almaq üçün nəzərdə tutulmuş beton piramidalar- "əjdaha dişləri" alıb və Kalininqrada gedən körpüləri minalamağı planlaşdırır", - Litva Müdafiə Nazirliyinin bəyanatına istinadən bildirilir.
Qərbin münaqişəyə yanaşması fərqlidir
"Avropanı kim müdafiə edəcək? Oyanmış Rusiya və yatmış qitə" kitabənın müəllifi Kir Cayls bildirib ki, əsas problem müharibənin real təhlükə olduğunu yalnız Şərqi Avropa ölkələrinin anlamasıdır.
"Coğrafi cəhətdən daha uzaq yerləşən ölkələr isə müharibənin yalnız başqalarına aid olduğunu düşünür. Bütün səylər vəziyyəti daha da çətinləşdirir. Bir çox populist partiyalar miqrasiya əleyhinə mövqelərini Rusiyaya qarşı daha yumşaq, hətta bəzən dostcasına yanaşma ilə birləşdirir", - məqalədə qeyd olunur.