Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Kamran Şükürzadənin cinayət işində zərərçəkmişlər dindirilib.
hakimiyyet.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində təqsirləndirilənin atası Etibar Şükürzadə ifadə verib:
"Səhər saatlarında durub işə getdim. Mənə qonşular zəng edib hadisə barədə məlumat verdilər. Hadisənin baş verməsi məni şoka saldı. Çünki hər şey qaydasında idi. Yeməyi, içməyi vaxtı-vaxtında idi. Düzü, oğlum yoldaşı ilə boşanmışdı. Bu amil də təbii ki, onun səhhətinə və psixologiyasına mənfi təsir göstərdi. Onun yoldaşı qardaşının əsgərlikdən gəldiyini bəhanə edərək rayona getdi və qayıtmadı. Bu cinayətə əl atmasına səbəb öz boşanma məsələsində anasını günahkar bilməsidir. Oğlumda epilepsiyanın bir növü var idi".
Daha sonra təqsirləndirilən şəxsin bacısı Nigar Şükürzadə zərərçəkmiş qismində dindirilib. O, qısa ifadə verərək, qardaşından heç bir şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Kamran Şükürzadə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsində birlikdə yaşadığı anası Aybəniz Şükürova ilə ailədaxili münaqişə yaşayıb. Anası oğluna təhqir dolu, onun tüfeyli həyat tərzi yaşamasına dair irad bildirib. Kamran Şükürzadə bu münaqişədən hiddətlənərək anasını xüsusi amansızlıqla öldürmək qərarına gəlib.
Belə ki, o, evin həyətində təmizlik işləri görən anasına yaxınlaşıb ümumilikdə 25 bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.
Daha sonra Kamran Şükürzadə könüllü şəkildə polisə təslim olub və o, şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.