AZ

Paşinyan Azərbaycanı niyə yenidən hədəf aldı? – Diqqətçəkən məqam

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsində səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Onun qəfil dəyişən mövqeyinə Azərbaycanın hansı cavabı verəcəyi isə sual doğurur.

Siyasi şərhçi Elmir Səftərov deyib ki, Nikol Paşinyanın İctimai Televiziyaya verdiyi müsahibədə ölkəmizlə, bilavasitə regionla bağlı səsləndirdiyi fikirlər Ermənistan vətəndaşlarını və beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmişdi:

“Onun özünü hər vəchlə Ermənistanın əvvəlki idarəçilərindən fərqli olaraq dövlətinin və xalqının maraqlarını müdafiə edən lider obrazında təqdim etməsi adi hal alıb. Əslində isə Nikol Paşinyanın Azərbaycanda məhkəməsi keçirilən separatçı rejimin nümayəndələri barədə dediyi fikirlər reallıqları təhrif etmək məqsədi daşıyır. Həqiqət isə ondan ibarətdir ki, Paşinyanın həmin şəxslərin xeyrinə səsləndirdiyi ifadələr birbaşa erməni xalqının qəlbini xoş etmək üçün edilib. Əks halda isə keçirilən məhkəmələr fonunda baş nazirin susqunluğu erməni cinayətlərinin Ermənistanda da ən yüksək səviyyədə qəbul edildiyini deməyə əsas verəcəkdi. Ona görə də xalqın narazılığından, həmçinin “separatçılar üçün ölkədə heç bir iş görülmür” ittihamından yaxa qurtarmaq Paşinyanı gülünc iddialarla çıxış etməyə vadar etdi.

Burada ən önəmli məqamlardan biri də Paşinyanın psixotrop maddələrin tətbiq edilməsi barədə söylədikləridir ki, özünün də hakimiyyətdə olduğu bir vaxtda separatçıları bütün formalarda dəstəkləyən Ermənistan dövlətinə qarşı çevriləcək həqiqətləri manipulyasiya etməyə çalışmaq cəhdi çox uğursuz alındı.

elmir sefterov

Elmir Səftərov

Ermənistanın baş nazirinin bu cür hərdəmxəyallığını və qeyri-müəyyənliyini isə müharibədən keçən 4 ildən artıq müddətdə kifayət qədər müşahidə etmişik. O bir yandan ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Ermənistanın addımlarının beynəlxalq hüquqa əsaslandığını desə də, digər yandan da 2023-cü ilin sentyabrında separatçıları qondarma “müstəqillik bəyannaməsi”nin qəbul edilməsi günü münasibətilə təbrik etmişdi. Bu da onun əvvəlki mövqeyi ilə ziddiyyət təşkil etdiyi üçün sülh prosesinə ciddi zərbə vurmuşdu”.

Siyasi şərhçi xatırladır ki, N.Paşinyan Ermənistanın 2020-ci ildəki hərbi məğlubiyyətindən sonra Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olmuşdu və etiraf edirdi ki, beynəlxalq ictimaiyyət də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır:

“Nikol Paşinyanın “Bizim heç bir strateji infrastruktur delimitasiya nəticəsində başqasına qala bilməz. Amma belə bir vəziyyət yaranarsa, əvvəlcə hökumət bunu qəbul etməli, sonra xalqa müraciət etməli və bu seçimi xalqın qərarına buraxmalıdır: bu yolu seçək, yoxsa seçməyək? Xalq qərar verəcək ki, gedək ya yox” fikirləri də erməni xalqının aldadılmasıdır. Belə ki, 2024-cü ildə Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması zamanı da həmin ərazilərdə strateji infrastruktur mövcud idi. Sual oluna bilər ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) və Qazaxla sərhəddə yerləşən Bağanis kəndlərinin sakinləri ilə görüşüb əhalini yola gətirəndə xalqın etirazına niyə önəm vermədi? Demək ki, Nikol Paşinyanın delimitasiya və strateji infrastrukturun boşaldılması məsələsində xalqın seçimini nəzərə alırıq deməsi erməniləri aldatmaqdan başqa bir şey deyil və “demokratik Ermənistan cəmiyyəti” ifadəsinin nə qədər boş olduğunu göstərir”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az

Seçilən
28
50
globalinfo.az

10Mənbələr