Türkiyənin “Fənərbaxça” klubu heyətini iki yeni futbolçu – yarımmüdafiəçi Anderson Taliska və müdafiəçi Dieqo Karlosla gücləndirib.
Arena.az bu barədə Super Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.
Taliska “Fənərbaxça”ya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan keçib. Transferin detalları hələlik tam açıqlanmasa da, artıq İstanbula gəlmiş braziliyalı futbolçu ilə rəsmi müqavilənin ilyarımlıq olacağı bildirilir.
Anderson Taliska Braziliyanın “Bahia” klubunun yetirməsidir. Karyerası ərzində “Benfika”, “Quançjou” kimi klubların da formasını geyinmiş braziliyalı hücumameyilli yarımmüdafiəçi vaxtilə Türkiyədə “Beşiktaş”ın da uğurları üçün çalışıb. O, İstanbul təmsilçisinin heyətində 80 oyuna çıxıb, 37 qol vurub, 14 məhsuldar ötürmə verib. Braziliyanın U-20 və U-23 yığmalarında oynamış Taliskaya ölkəsinin əsas millisində debüt etmək qismət olmayıb. O, 2021-ci ilin iyul ayından formasını geyindiyi “Əl-Nəsr”də 104 oyuna 76 qol vurub, 10 assistlə yadda qalıb.
Dieqo Karlos isə İngiltərənin “Aston Villa” klubundan 10 milyon avro müqabilində “Fənərbaxça”ya keçib. 31 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.
Braziliyalı müdafiəçi peşəkar karyerasına “Desportivo Brasil”də başlayıb. “San Paulo”, “Paulista”, “Madureyra”, “Eştoril”, “Portu” “Nant”, “Sevilya” kimi klublarda da oynamış Dieqo 2022-ci ilin iyulundan “Aston Villa”da çıxış edirdi. O, Premyer Liqa təmsilçisinin heyətində 58 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Karlos da Braziliyanın U-23 və Olimpiya yığmalarında oynadığı halda, əsas millidə debüt şansı qazanmayıb.
“Fənərbaxça”da 3 ayrılıq
“Fənərbaxça” bir neçə futbolçusu ilə də yollarını ayırıb. 20 yaşlı mərkəz müdafiəçisi Emir Ortakaya İstanbul klubundan ayrılaraq Belçikanın “Birşot” komandasına keçib. 2021-ci ildən “Fənərbaxça”nın sıralarında olan gənc müdafiəçi daha öncə “Göztəpə”, “Kocaelispor” və “Vesterlo”da icarədə də çıxış edib. Türkiyənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu əsas millidə debüt etməyib.
“Fənərbaxça” mərkəz yarımmüdafiəçisi Linkolnu da İngiltərənin “Hall Siti” klubuna icarəyə verib. Türkiyəli iş adamı, “Fənərbaxça”da da çalışan Acun Ilıcalıya məxsus Çempionşip təmsilçisi 26 yaşlı bu oyunçunu cari mövsümün sonunadək icarəyə götürüb.
Linkoln peşəkar karyerasına “Qremio”da başlayıb. “Rizəspor”, “Amerika Mineyro”, “Santa Klara”, “Braqantino” kimi klublarda da oynamış futbolçu 2022-ci ilin yayından “Fənərbaxça”dadır. O, bu klubun əsas komandasında 36 oyuna çıxıb, 3 qol vurub, 9 məhsuldar ötürmə verib. Linkoln Braziliyanın U-17 yığmasının da formasını geyinib.
“Fənərbaxça”nın mərkəz müdafiəçisi Samet Akaydın da “Rizəspor”a keçib. 30 yaşlı türkiyəli futbolçu Rizə klubu ilə 2026-cı ilin 30 iyununadək anlaşıb. “Arsinspor”, “Sancaktepe”, “Şanlıurfaspor”, “Keçiörengücü”, “Adana Dəmirspor” kimi klublarda da oynamış Samet 2023-cü ildən “Fənərbaxça”dadır. Təcrübəli müdafiəçi bu klubun heyətində 41 oyun keçirib, 1 qol da vurub. O, ötən il Yunanıstanın “Panatinaikos” klubunda icarədə də olub. Akaydın 2022-ci ildə debüt etdiyi Türkiyə millisində 12 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Samet Akaydını heyətinə qatmış “Rizəspor”da da ayrılıq yaşanıb. Rizə təmsilçisi də sol vingeri Benhur Keseri “Erokspor”a icarəyə verib. 28 yaşlı türkiyəli futbolçu cari mövsümün sonunadək icarədə olacaq. “Rizəspor”da 71 oyun keçirmiş futbolçu 13 qol, 15 assistlə yadda qalıb. O, “Kocaelispor”, “Bayrampaşa”, “Şanlıurfaspor”, “Bandırmaspor” kimi klubların da formasını geyinib.