"Hərbi büdcəsi 824 milyard ABŞ dollarından çox olan ABŞ-nin yeni Prezident Administrasiyası NATO üzvü olan Avropa tərəfdaşlarından müdafiələrinin təşkili ilə bağlı xərclərini özlərinin təmin etməsi üçün hərbi xərclərini ÜDM-in 5% həcminədək qaldırmasını tələb edir. Hazırda əksər Avropa dövlətlərində bu xərc 2-3 faiz arasında dəyişir".
Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev deyib.
Rusiya-Ukrayna müharibəsinin dayandırılması və məsələnin həlli ilə bağlı müzakirə olunan əsas məsələlərdən biri Avropanın ümumi təhlükəsizlik axritekturası gələcəyi, Rusiya və NATO dövlətləri arasında təhlükəsizlik qarantiyası ilə bağlıdır. Xüsusi ilə birinci məsələ kontekstində Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi ilə bağlı məsələlər də hansısa formada müzakirə predmetində yer ala bilər.
Rusiya rəhbərliyi ABŞ-nin yeni administrasiyası ilə görüşə hazırlıq istiqamətində regional və qlobal mövqelərini möhkəmləndirir, İranla Kremldə hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd imzalandı, Çinlə dövlət başçıları səviyyəsində onlayn formatda keçirilən görüşdə dostluq münasibətləri və çoxqütblü dünya düzəninin əhəmiyyəti vurğulandı. Rusiya üçün prioritet məsələ ABŞ ilə və Avropa dövlətləri ilə Ukrayna ilə bağlı məsələyə dair danışıqlarda güclü mövqedən çıxış etmək və daha çox siyasi və hərbi-təhlükəsizlik güzəşti əldə etməkdir.
Azərbaycan ABŞ ilə uzunmüddətli enerji, nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəki uğurlu əməkdaşlıqdan çıxış edərək, münasibətlərə yeni məzmun verilməklə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-nin 47-ci Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda da bu faktorlar bir daha vurğulanmışdır: “Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.”
Azərbaycan öz qazını Cənub Qaz Dəhlizi vasitəsi ilə və neftini Bakı-Tbilissi-Ceyhan neft kəməri vasitəsinilə Türkiyənin Aralıq dənizi limanı Ceyhana ixrac etməklə ABŞ-nin Avropadakı NATO üzvü olan müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına sabit şəkildə töhfə verir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ən vacib komponentlərindən olması, həmin dövlətlərin milli təhlükəsizliyinin təminində Azərbaycanın dost və etibarlı dövlət kimi oynadığı rolu və funksiyanı təsdiqləyir. Müstəqilliyimizin ilk illərində transmilli enerji şirkətləri ilə birgə Azərbaycanın Xəzər dənizi sektorundakı neft və qaz ehtiyatlarının istismarı və ixracı ilə bağlı fəaliyyətin həyata keçirilməsində ABŞ hökumətinin siyasi və investisiya dəstəyi mühüm rol oynadı.
Prezident İlham Əliyev Donald Trampa ünvanladığı təbrik məktubunda “ənənəvi sahələrdə qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın qətiyyətlə davam etdirilməsi” ilə yanaşı, “yeni əməkdaş sahələri üzrə də sıx işləmək” qətiyyətini və “əməkdaşlığın yeni məzmun kəsb edəcəyinə” inamını ifadə etdi. Cari il yanvar ayının əvvəlində Prezident İlham Əliyev yerli mətbuat nümayəndələri ilə müsahibəsində Birləşmiş Ştatlarla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldımaq ismarıcını açıqlamışdı. Strateji tərəfdaşlıq isə əsasən təhlükəsizlik və hərbi-müdafiə sahələrində intensiv əməkdaşlığı ehtiva edir. Prezidentin təbrik məktubundan sitat bunu daha aydın təsdiqləyir: ”İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.”
ABŞ-Azərbaycan münasibətlərində digər vacib bir komponent terrorizmlə mübarizədə birgə fəaliyyət və ABŞ-yə bu sahədə uzun illər faktiki olaraq məhdiyyətsiz dəstəyin göstərilməsi olmuşdur. Bu sahədə də Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğrultmuşdur. Əfqanıstanda həyata keçirilən uzun müddətli birgə əməkdaşlıq və ABŞ-nin Əfqanıstana uçuşlarının həyata keçirilməsində Azərbaycanın verdiyi nəqliyyat-loqistik yardım ikitərəfli münasibətlərdə etibarlılıq və qarşılıqlı dəstəyin olmasına çox yaxşı nümunədir.
Sadalan faktorlar praqmatizmi qiymətləndirən yeni ABŞ administrasiyasının Azərbaycanla münasibətləri nəticəyönümlü tərəfdaşlıq səviyyəsində aparmaq və uğurlu perspektivlər əldə etmək üçün yaxşı bazadır".