AZ

Ölkəmiz regionda mühüm nəqliyyat mərkəzlərindən biridir

Dövlətimizin başçısı İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bir daha  bildirdi ki, ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. «Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.»

Dövlətimizin başçısı İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın nəqliyyat imkanlarından, nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, eyni zamanda, hazırkı dövrün əsas çağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyat layihələrindən geniş bəhs etdi. Bildirdi ki,  müşavirədə  Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə ediləcək.  Buna ehtiyac var. Son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə,  böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq   yenə də Bakı şəhərində tıxac müşahidə olunur. Tıxacların sayı ildən-ilə artır: «Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.»
Dövlətimizin başçısı İlham Əliyev nəqliyyat infrastrtukturunda əldə olunan uğurlu nəticələri rəqəmlər əsasında diqqətə çatdırdı. Bildirdi  ki,  son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Bu reallıq diqqətə çatdırıldı ki, əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.
Dəmir yolu infrastrukturuna gəldikdə  1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. O da qeyd edildi ki, son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi. Amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edildi – Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Dövlətimizin başçısı bildirdi: «Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq.»
Görülmüş tədbirlər nəticəsində Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Azərbaycanın nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Belə ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır. Daim çıxışlarında ölkəmizin tranzit imkanlarından, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən geniş bəhs edən cənab İlham Əliyev bu reallığı xüsusi qeyd edir ki, bu sahəyə qoyulmuş vəsait ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.
Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu məsələlərə xüsusi diqqət yönlətdi. Bildirdi ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Azərbaycanın isə dünya okeanlarına çıxışı yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində  Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür.
Qeyd olunduğu kimi, son 20 ildə reallığa çevrilən  nəqliyyat  layihələri sırasında Bakı-Tbilisi-Qars xüsusi yer tutur. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və  qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Cənab İlham Əliyev müşavirədə onu da bildirdi ki,  Bakı-Tbilisi-Qars dəmir yolu  layihəsi Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edildi. Ölkəmiz  bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşdi.
Ölkə Prezidenti bu layihənin  bizim üçün strateji layihə olduğunu önə çəkərək qeyd etdi ki,  gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq: «Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi.»

Metin Hüseynov – siyasi sərhçi, politoloq

Seçilən
5
4
veteninfo.az

10Mənbələr