AZ

"Rusiya bu 4 qaydaya əməl etməsə, Azərbaycanla münasibətlərdə..." - MÜHÜM AÇIQLAMA

Son günlər Azərbaycanla Rusiya arasında gərginlik müşahidə olunur. Belə ki, ötən günlərdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edildi. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin səfirlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirdi.  

 

Dünən isə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olundu. Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırıldı. “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırladıldı.

 

Bu hadisələrin fonunda Azərbaycan-Rusiya münasibətlərinin aqibəti necə olacaq? Tərəflər daha hansı addımlar ata bilərlər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Rusiya-Azərbaycan arasında yaşanan ciddi gərginlik son bir aydır davam edir:

 

“Bu proses AZAL-a məxsus təyyarənin vurulmasından sonra başladı. Rusiya tərəfi saymazyana bir münasibət sərgilədi. Bu isə nə 2022-ci il 22 fevral müttəfiqlik anlaşmasına, nə də qonşuluq münasibətlərinə uyğundur. Əlbəttə, belə hal qəbuledilməzdir. Azərbayca tərəfi şərt qoydu ki, bu dörd qaydaya əməl edin və gərginlik yaşanmasın. Amma Vladimir Putinin üzr istəməsindən başqa digər şeylər edilmədi – nə cəzalanma oldu, nə boyunlarına aldılar, nə də təzminat ödədilər və.s. Bu isə dövlətimizin mənafeyinə xələl gətirən haldır. Düşünürəm ki, Azərbaycan mediası da haqlı olaraq bu məsələdə ciddi reaksiya ortaya qoydu və dövlətimizin mövqeyini sərgiləmiş oldu. Rusiya tərəfi haqlıdırsa, niyə bu qədər narahatdır? Bunu anlamaq çətindir. 2022-ci il 22 fevral bəyannaməsinə sadiqdirlərsə, niyə etdikləri səhvi qəbul etmək istəmirlər? Həqiqətən, belə bir hal yaşanıbsa, hansı ki bu, gözlə görünür, gizlədiləcək məsələ deyil, bu zaman Rusiya üzr istəməli, təzminat ödəməli, günahlarını etiraf etməli, cəzalandırılmalıdır”.

 

Müsahibimiz bildirdi ki, Rusiya məsələni yoluna qoymasa, iki dövlət arasında gərginliyin aradan qalxması gözlənilən deyil:

 

“İnanmıram ki, tərəflər arasında isinmə olsun. Demirəm, müharibə olacaq, amma bu gərginlik uzun müddət davam edə bilər. Düşünürəm ki, burada Rusiyanın üzərinə ciddi öhdəlik düşür, baş verən problemləri həll etmək üçün qoyulan şərtlər yerinə yetirilməlidir. Əks təqdirdə, münasibətlər daha da gərginləşəcək. Üstəlik, Rusiya azərbaycanlıların ölkə ərazində qalma müddətini azaltmaq istiqamətində də qərar verdi. Təbii ki, Azərbaycan da buna adekvat addım atdı. Rusiyada bu, adətdir – süni maneələr yaratmaq, bir hal olan kimi ona tez müdaxilə etmək və.s. Bu da təbii ki, Azərbaycan üçün xoş deyil, buna uyğun cavablar veriləcək. Gərginlik hələ ki asan bitəcək bir durum deyil. Ya Rusiya tərəfi açıqlama verəcək, boynuna alacaq, günahkarları cəzalandıracaq, təzminat ödəyəcək, ya da bu məsələ ciddi narazılıq və soyuqluq yaradacaq”.

 

Günay Rəsulqızı

Seçilən
16
30
sfera.az

10Mənbələr