AZ

Eltun Süleymanov: "Nəqliyyat sistemi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir"



Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir. Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir. Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Bu baxımdan iqtisadiyyatda genişmiqyaslı köklü islahatların aparıldığı indiki şəraitdə nəqliyyatın xüsusiyyətlərini, iqtisadi və sosial proseslərin gedişində onun rolunu dəqiqliklə nəzərə alan siyasətin formalaşdırılması və həyata keçirilməsi çox vacibdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmli kapital qoyuluşunu, çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz onu da deyib ki, yanvarın 28-də Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bunlar barədə ətraflı danışılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müşavirədə çıxışı zamanı məsələlərə aydınlıq gətirib. Ölkə başçısı deyib ki, “Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik”. Əlbəttə nəqliyyat sisteminin inkişafı gülü iqtisadiyyat, sosial rahatlıq, ən başlıcası mədəniyyətdir. Cənab Prezident vurğulayıb ki, “Nəqliyyat məsələlərinə gəldikdə, onu bildirməliyəm ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq. Bununla bərabər, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük”. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil-deyən ölkə başçısı onu da əlavə edib ki, “Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik”. Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.






Seçilən
5
50
aia.az

10Mənbələr