"Dövlət Gömrük Komitəsinin əməkdaşları bir neçə aydır ki, əməkhaqqı ala bilmirlər”.
"Gununsesi.info" xəbər verir ki, bu barədə həmin qurumda çalışan şəxslər müraciət ediblər.
Onların sözlərinə görə, oktyabr ayından bəri komitədə işçilərə məvacib verilmir.
Həmçinin bu müddət ərzində məzuniyyət pulunu da ala bilməyənlər, buna görə haqlı olaraq narazılıq edənlər az deyil. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var.
Şikayətçilər yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər.
Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini, artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov işçilərə oktyabrdan bəri maaşların verilmədiyini təsdiqəyib: "Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.