ABŞ-da Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İndiyədək 19 nəfərin həlak olduğu bildirilib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 1994-cü ildə fiqurlu konkisürmə üzrə dünya çempionları, Rusiya milli komandasının üzvləri Yevgeniya Şişkova və Vadim Naumov da olublar.
Onların taleyi barədə hələlik məlumat yoxdur.
İdmançılar fiqurlu konkisürmə üzrə ABŞ çempionatının keçirildiyi Uiçito şəhərindən gəlirlərmiş.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində rusiyalı fiqurlu konkisürənlərin olduğunu təsdiqləyib.
Kreml rəsmisi təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib: “Biz bu kədərli məlumatların təsdiqləndiyini görürük. Orada başqa həmvətənlərimiz də olub. Vaşinqtondan pis xəbər gəldi. Biz həmvətənlərimizi itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk".