AZ

"İmişli" həlledici mərhələyə məğlubiyyətlə başladı - YENİLƏNİR

Nəhayət, bu həftə futbol üzrə ölkə çempionatının 1-ci liqasında da qış fasiləsi başa çatacaq.

Məlum olduğu kimi, komandalar geridə qalan müddətdən maksimum yararlanmaqla həm heyətdə müəyyən dəyişikliklər etdi, həm də gücünü yoxlama oyunlarında sınadı. İndi onlar 12-ci turun start götürməsiylə mübarizənin ən gərgin mərhələsinə qədəm qoyacaq. İki günü əhatə edəcək turun bütün görüşləri PFL-in “1-ci liqa // 2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.

Yeni ilin ilk matçı yanvarın 30-da Binədə keçiriləcək - MOİK “İmişli”ni qəbul edəcək. “Hərbçilər” çempionluğu iddialı bölgə təmsilçisiylə görüşdə çətin sınaq qarşısındadı. Ortabablar sırasında qərarlaşan komanda qələbə qazanacağı təqdirdə turnur cədvəlindəki mövqeyini yaxşılaşdıra bilər. Lakin “İmişli”nin buna imkan verəcəyini demək sadəlövhlük olar. Ona görə ki, kollektiv səfərdən üzüağ qayıtmaqla iddiasından əl çəkmədiyini sübut etməyə çalışacaq. Ümumiyyətlə, bu matçda qonaqların üç xala daha yaxın olduğunu desək, yanılmarıq.

Növbəti qarşılaşma Yevlaxda olacaq. “Karvan”ın ev oyunlarını keçirdiyi şəhər stadionunda anşlaq olacağı gözlənilir. Ona görə ki, komandanın məqsədi nəinki lider “Qəbələ” ilə xal fərqinin artmasına imkan verməmək, hətta “qırmızı-qaralar”ı qabaqlamaqdı. Bəli, indiki durumda bunun çətin vəzifə olduğu sirr deyil. Lakin yevlaxlılar məqsədinə çatmaq üçün əlindən gələni əsirgəməməlidi. Bəs, “Difai”nin buna mane olmaq imkanı varmı? Böyük ehtimalla, yox. Yenə də Ağsu təmsilçisi matça yetərincə ciddi yanaşmalı və yuxarı pillələrdə qərarlaşmağın planını cızmalıdı.

“Qəbələ”yə gəlincə, lider “Baku Sportinq”i qəbul edəcək. Kaxaber Sxadadzenin hələ uduzmayan və qol buraxmayan komandasını bu matçın da favoriti saya bilərik. O başqa məsələ ki, paytaxt təmsilçisi səfərdən əliboş qayıtmamaq üçün son ana qədər döyüşməyə üstünlük verəcək.

Yanvarın 31-də keçiriləcək lk oyunda “Qaradağ Lökbatan” “Cəbrayıl”ı sınağa çəkəcək. Meydan sahibləri autsayderlər sırasından uzaqlaşmağa, qonaqlar isə ilk “dördlük”də qərarlaşmaq şansından yararlanmağa cəhd göstərəcək. Düzdü, Lökbatan təmsilçisinin qələbəyə daha çox ehtiyacı var. Lakin qış fasiləsində baş məşqçisi Elhad Nərizovla yolları ayıran “Cəbrayıl” rəqibinə çətin anlar yaşatmaq üçün var gücüylə mübarizə aparacaq. Tura “Zaqatala” – “Mingəçevir” oyunuyla yekun vurulacaq. Meydan sahiblərinin mövqeyini qorumaq uğrunda döyüşəcəyi bəllidi. Düzü, burda diqqət daha çox qonaqların üzərində cəmlənəcək. Ona görə ki, “nur şəhəri”nin təmsilçisi qış fasiləsində həm yeni sponsorla anlaşdı, həm də heyətini yenilədi. Bununla belə, komandanı indi U-18 millimizdən ayrılan Füzuli Məmmədov çalışdırır. Onun basilica öhdəliyi sonuncu sıradakı komandanın 1-ci liqada qalmasını təmin etməkdi. Bu üzdən mingəçevirlilər Zaqatalaya yalnız qələbə üçün yollanacaq.

30 yanvar
MOİK – İmişli 4:3

Vüsal Əsgərov, 55. İbrahim Əliyev, 78; 90+5. Sabir Allahquliyev, 90+7 - Mehdi Tahirov, 15. Elmir Rəhimzadə, 58. Seyxan Fərəcov, 67-p.
Binə, qəsəbə stadionu. Saat 13.00.

Karvan – Difai
Yevlax, şəhər stadionu. Saat 14.00.

Qəbələ – Baku Sportinq
Qəbələ, şəhər stadionu. Saat 15.00.

31 yanvar
Qaradağ Lökbatan – Cəbrayıl

Lökbatan, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Zaqatala – Mingəçevir
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Xal durumu: Qəbələ - 29, Karvan – 25, İmişli – 21, MOİK – 17, Zaqatala – 16, Cəbrayıl - 14, Baku Sportinq – 13, Difai, Qaradağ Lökbatan – 8, Mingəçevir – 6.

Bombardirlər: Bəhruz Teymurov (Karvan) – 9, Seyxan Fərəcov (İmişli) - , Emil Qasımov (Karvan) – 6.

KƏNAN BAHADIR

Seçilən
22
9
football-plus.az

10Mənbələr