AZ

Rusiya Bəşər Əsədi Suriyaya təslim edəcək?

Əhməd əş-Şaraa keçid dövründə Suriya prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək.

Suriyanın yeni hakimiyyəti 2012-ci il konstitusiyasının artıq qüvvədə olmadığını, parlamentin və ölkəni 60 ildən artıq idarə edən Ərəb Sosialist İntibah Partiyasının (BƏƏS), eləcə də keçmiş prezident Bəşər Əsədin sədrlik etdiyi Milli Tərəqqi Cəbhəsinin bütün partiyalarının buraxıldığını elan edib. Bununla yanaşı, dekabrın 8-i "Böyük Suriya inqilabının qələbəsi" şərəfinə milli bayram günü kimi qeyd ediləcək.

Yeni Suriya hökumətinin ilk işi Rusiyadan eks-prezident Bəşər Əsədi təhvil verməsini istəməsi olub. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfər edib. Səfər çərçivəsində Boqdanov Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şaraa ilə görüşüb. Danışıqlar zamanı Əhməd əş-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yerli hakimiyyətə təhvil verməyi tələb edib. Digər tələb isə Rusiyanın Suriyada apardığı əməliyyatlar zamanı ölkəyə vurduğu zərərə görə kompensasiya ödəməsi ilə bağlı olub. Ancaq buna baxmayaraq, Suriya hələ də Əsədlə bağlı Rusiyaya rəsmi tələb irəli sürməyib. Rusiya XİN-i isə bildirib ki, Moskva ölkələr arasında ənənəvi dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli çoxşaxəli əməkdaşlığı davam etdirməkdə maraqlıdır və danışıqlarda əsas müzakirə də bu istiqamətdə olub.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay Oxu.Az-a açıqlamasında deyib ki, dekabrın 8-də Bəşər Əsəd Rusiyaya qaçdıqdan sonra Suriyadakı idarəetməni ələ alan Əhməd əş-Şaraa yeni bir sistem qura bilmək üçün bütün ölkələrlə görüşməyə çalışır:

"Bu baxımdan, o, Rusiya ilə də əlaqələrini inkişaf etdirmək üçün təmaslarını davam etdirir. Tartus şəhəri və Hmeymim hərbi bazası Rusiya üçün son dərəcə əhəmiyyətlidir. Moskva vaxtı ilə əlində olan üstünlüyü itirməmək üçün Əhməd əş-Şaraa ilə, yəni Suriyanın yeni hakimiyyəti ilə də danışıqları davam etdirir. Əhməd əş-Şaraa Rusiyaya Əsədin təslim edilməsi şərtini irəli sürməklə, əslində Moskvanın Dəməşq üzərindəki təzyiqlərini aradan qaldırmaq istəyir. Çünki Rusiya Əsədi təhvil versə, dünyada təhlükəsizlik imicini itirəcək. Ona görə də Əsədi təslim etməyəcək, amma Suriyadakı prioritetlərini və maraqlarını nəzərə alaraq Əhməd əş-Şaraa ilə də münasibətlərini davam etdirəcək".

"Artıq Əhməd əş-Şaraa Suriya prezidenti elan edildiyi üçün, bu diplomatik əlaqələr daha da dərinləşəcək, lakin Rusiya ilə gərginlik bəlkə də əş-Şaraanın Qərblə münasibətlərdə daha əlverişli vəziyyətdə olmasına, avantaj qazanmasına zəmin yaradacaq. Rusiya və İranın Suriyadan tələsik çıxarılması və regiondakı maraqların istər-istəməz dəyişməsi, yeni dövrdə bu iki dövlətin Suriya ilə əlaqələrini yenidən qurmaq istəmələrinə yol açacaq. Lakin başda Amerika olmaqla, Avropa dövlətləri İran və Rusiyanın Suriyadan çıxmasını müsbət qarşılayıb, ona görə də geri qayıtmalarına pozitiv yanaşmırlar. Hətta Avropa İttifaqı Suriyaya tətbiq etdiyi sanksiyaları tamamilə ləğv etmək üzrərdir. Bütün bunlar Suriyanın Rusiya ilə münasibətlərindən birbaşa asılı olacaq", - deyə ekspert əlavə edib.

Mərahim Nəsib

Mənbə: oxu.az

Seçilən
5
1
oxu.az

10Mənbələr