AZ

ABŞ və Çin arasındakı iqtisadi gərginliK inflyasiya riskini artırır -Ekspert

Dünya iqtisadiyyatı üçün bu cür ticarət müharibələrinin heç bir müsbət perspektivi yoxdur və yalnız ziyan gətirir

Son dövrlərdə qlobal iqtisadiyyat ciddi təlatümlər yaşamağa davam edir. Xüsusilə ABŞ ilə Çin arasındakı ticarət müharibəsi, əmtəə bazarlarını və dünya iqtisadiyyatını zəiflədən bir çox təsirlər yaradır. Ticarət rüsumlarının artırılması və neftin qiymətindəki kəskin azalmalar, bir tərəfdən iqtisadi inkişafın yavaşlamasına, digər tərəfdən isə inflyasiya risklərinin artmasına səbəb olur. Bu vəziyyət, xüsusilə Azərbaycan kimi neftə əsaslanan iqtisadiyyatları ciddi şəkildə təsirləndirə bilər. Hər iki tərəfin irəli sürdüyü iqtisadi siyasətlər, dünya iqtisadiyyatında yeni qlobal güc dinamikalarını formalaşdırmaqda mühüm rol oynayır. 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Sherg.az-a açıqlamasında ABŞ-Çin ticarət müharibəsinin iqtisadi təsirlərindən söz açıb:

"Proses heç də yaxşı başlamayıb. Amerika Birləşmiş Ştatlarının ticarət rüsumlarını artırması fonunda neftin qiymətində kəskin azalma müşahidə olunub. Əgər bir qədər əvvəl neft 75 dollar civarında ticarət olunurdusa, indi bu göstərici 65 dollara düşüb.  
Bu azalma Azərbaycanın iqtisadiyyatına da ciddi təsir edə bilər. Belə ki, Maliyyə Nazirliyinin hesablamalarına əsasən, neftin qiymətinin hər 10 dollar azalması, ölkəyə illik 2,1 milyard manat həcmində ziyan vurur. Bu, Azərbaycan iqtisadiyyatı üçün olduqca mühüm rəqəmdir. Hazırkı ticarət müharibəsinin qlobal iqtisadiyyata ən böyük təsirlərindən biri də məhz əmtəə bazarlarına dəyən zərbədir".  

Ekspert ABŞ və Çin arasındakı bu gərginliyin inflyasiya riskini də artırdığını bildirib: 
"Əgər inflyasiya sürətlə artsa, iqtisadi inkişafın ləngiməsi mümkündür. Sürətli inflyasiya fonunda iqtisadi artımın dayanması, hətta geriləməsi də istisna deyil. Bu cür ticarət müharibələri dünya ticarət dövriyyəsinin azalmasına gətirib çıxara bilər ki, bu da qlobal iqtisadi proseslərə mənfi təsir göstərir.
Donald Tramp administrasiyası rüsumları tətbiq etsə də, eyni zamanda Çinə danışıqlar üçün qapının açıq olduğunu bildirib. Bununla da, bir tərəfdən Çinə təzyiq göstərməyə, digər tərəfdən isə müəyyən manevr imkanlarını qorumağa çalışır.  
Lakin Çin tərəfi gözləmədən cavab addımı atdı, bu da vəziyyətin daha da gərginləşəcəyini göstərir. Dünya iqtisadiyyatı üçün bu cür ticarət müharibələrinin heç bir müsbət perspektivi yoxdur və yalnız ziyan gətirir.  
Əsas məqam ondan ibarətdir ki, ABŞ itirilmiş iqtisadi mövqelərini bərpa etmək və qlobal liderliyini qorumaq istəyir". 

Müsahibimiz sonda proseslərin bu istiqamətdə davam etməsinin əksinə, ABŞ-nin özünü də ciddi problemlərlə üz-üzə qoya və nəticədə Çinin dünya iqtisadiyyatında daha güclü mövqelər əldə etməsinə səbəb ola biləcəyini vurğulayıb.
Seçilən
54
44
sherg.az

10Mənbələr