AZ

"Bu hərbi hissənin komandiri Vitali Balasanyan idi" - MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 10-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində qanunsuz olaraq hərbi xidmət keçdiyini etiraf edib.

Ermənistan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib.

Müddətli həqiqi hərbi xidməti 1989-1991-ci illərdə Uzaq Şərqdə keçdiyini deyən M.Paşayan 1993-cü ildə “Əsgəran alayı”na qoşulduğunu bildirib və əlavə edib: “1993-cü ilin təxminən may ayından 1994-cü ilə - atəşkəsə qədər döyüş postunda oldum. Tabor komandirimiz Vilen Safaryan idi”.

M.Paşayan Birinci Qarabağ müharibəsi zamanı 31-ci taborda xidmət etdiyini, hərbi hissənin komandirinin Vitali Balasanyan olduğunu da deyib.

O, Əsgəran, Ağdərə və Ağdam rayonlarının müxtəlif kəndlərində döyüş postlarında olduğunu söyləyib. Təqsirləndirilən şəxs döyüş postlarında avtomat, pulemyot və minaatan silahların olduğunu açıqlayıb.

İkinci Qarabağ müharibəsində də ona “Kalaşnikov” avtomatının təhkim olunduğunu deyən M.Paşayan silahın kimə qarşı istifadə etmək üçün verilməsi barədə suala “Azərbaycan Ordusuna qarşı...” cavabını verib.

M.Paşayan 2023-cü il may ayından sentyabr ayına qədər Xocalı rayonunun Aşağı Yemişcan kəndində yaradılmış silahlı birləşmədə olub.

Təqsirləndirilən şəxs qondarma rejimin “igidliyə görə” medalı ilə təltif olunduğunu bildirib.

Digər ərazilərlə yanaşı, Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində də döyüş postlarında durduğunu təsdiqləyən təqsirləndirilən şəxs dövlət ittihamçısının sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib.

M.Paşayana döyüş postlarının ətrafına mühəndis-istehkamçılar tərəfindən minalar basdırıldığını da deyib.

O, həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını bildirib.

Daha sonra təqsirləndirilən şəxs Davit Allahverdiyan dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırıb. O, “Xankəndi universiteti”ndə təhsil aldığını, 2006-2008-ci illərdə Əsgərandakı hərbi hissədə hərbi xidmətdə olduğunu, Ağdamda döyüş növbətçiliyi həyata keçirdiyini bildirib və deyib: “Hərbi hissənin komandiri Artur Harutyunyan idi. Hərbi xidmətdə olarkən mənə snayper silahı təhkim edilmişdi”.

Onun sözlərinə görə, hərbi xidmətdən qayıdarkən ali təhsilini davam etdirib. Lakin həmin vaxt təhsil aldığı ali məktəb Ermənistan Aqrar Universitetinin “filialı”na çevrilibmiş.

Bundan sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran D.Allahverdiyan 2020-ci il sentyabrın 1-də Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma rejimin “Təhlükəsizlik şurası”nın “kənd təsərrüfatı sektorunun müdiri”, sonra isə rejimin “kənd təsərrüfatı nazirinin müşaviri” “vəzifələr”ində çalışdığını deyib.

44 günlük müharibə zamanı hərbi xidmətə çağırıldığını söyləyən təqsirləndirilən şəxs ona avtomat silah təhkim edildiyini bildirib. O, daha sonra 2023-cü ilin yanvar ayında qanunsuz silahlı birləşmənin tərkibinə qoşulub. Silahlı birləşmənin tərkibində olduğuna görə isə hərbi xidmət günlərinin sayına görə maaş alıb.

Kənd təsərrüfatı sahəsi üzrə “vəzifəli şəxs” olmuş D.Allahverdiyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini etiraf edib.

Seçilən
106
37
aznews.az

10Mənbələr