Tbilisi yalnız işğal olunmuş ərazilərlə bağlı məsələ həll olunandan sonra Moskva ilə diplomatik münasibətləri bərpa etməyə hazır olacaq.
"Unikal" xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Gürcüstanla Rusiya arasında münasibətlərin bərpası qarşısında yalnız bir maneə var - Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı. Rusiya bu maneəni çox asanlıqla aradan qaldıra bilər. Təbii ki, biz maneənin aradan qaldırılması üçün addımları görən kimi bu münasibətlərin bərpası mümkün olacaq", - o deyib.
Rusiya XİN rəhbərinin müavini Sergey Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib ki, Tbilisidən müvafiq siqnal gələrsə, Gürcüstanla diplomatik münasibətləri bərpa etməyə hazırdırlar. Eyni zamanda diplomat vurğulayıb ki, Moskvanın Abxaziya və Tsxinvali regionu ilə bağlı qərarı “təftiş oluna bilməz”.
Qeyd edək ki, 17 ildir ki, Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr yoxdur. Tbilisi əlaqələri avqust müharibəsindən sonra Moskvanın separatçı Abxaziya və Sxinvali bölgələrinin müstəqilliyini tanımasına cavab olaraq kəsib.