Türkiyədə məhkəmə binasında vəkillərə hücum edən şəxslər həbs edilib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, vəkillər Mehmet Çimen, Barış Kalkan və Melike Dışlı Kalkan İstanbul1-ci Ağır Cəza Məhkəməsində iştirak etdikləri məhkəmə iclasından sonra qarşı tərəfin yaxınları tərəfindən hücuma məruz qalıblar.
Hücumda iştirak edən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. İstanbul 4-cü Sülh Cəza Hakimliyi həmin şəxslərin həbsi barədə qərar verib.
İstanbul Vəkillər Kollegiyası vəkillərə qarşı hücumu pisləyən bəyanat yayıb.
"Vəkil vətəndaşın səsidir. Vəkil işin tərəfi deyil, vətəndaşın nümayəndəsidir. Vəkilin vəzifəsi müdafiə etdiyi şəxsin hüquqlarını qorumaqdır. Vəkilin rolunu anlamaq istəməyənlərə açıq şəkildə xəbərdarlıq edirik. Vəkillərin səsini susdurmağa çalışanlara güzəşt etməyəcəyik. Biz heç bir təzyiqə boyun əyməyəcəyik", - deyə bəyanatda bildirilib.
Şəbnəm Mehdizadə