Xəbər verdiyimiz kimi, Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magist pilləsini başa vurub.
Modern.az-ın məlumatına görə, o, Azərbaycana qayıtmaq və burada işləmək istədiyini bildirib.
“Mənim üçün çox mükəmməl təcrübə idi. Xaricdə təhsilə Elm və Təhsil Nazirliyinin 2022-2026-ci illər dövlət proqramı vasitəsi ilə getmişdim. Bu tam təqaüdlü təhsil idi. Ölkəmi təmsil etmək mənim üçün qürürverici idi. Gözəl yerləri ilə yanaşı, çətinlikləri də oldu. Yeni mühit, yeni insanlar... Təbii ki, bu, üstəsindən gəlinməyəcək bir şey deyil”.
Gülnarə Mirzəyeva bundan sonrakı planlarından da danışıb.
“Vətənimə qayıdıram. Atam bu vətən uğrunda şəhid olub. Mənim ölkəmə qayıdıb, xidmət etməyim ən başlaca atamın qarşısında olan borcumdur. Ümid edirəm xaricdə aldığım təhsil ilə gələcək iş yerimdə ölkəmə faydalı ola biləcəm”.
O xaricdə təhsil almaq istəyən gənclərə tövsiyyələr edərək bildirib ki, gənclər arzularının arxasına getsinlər.
Bu məqsəd uğrunda çox çalışmaq kifayət edəcək”, - o, İTV-yə bildirib.
Qeyd edək ki, İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev də bir neçə gün öncə bacısı Gülnarə Mirzəyevanın şəklini paylaşaraq təbrik edib. “Təbrik edirəm bacı! Uğurların hər zaman bol olsun. İnanıram ki, ata bizdən xəbərdardır və bizimlə qürur duyur. Onun arzularını müvəffəqiyyətlə yerinə yetiririk! Qürur duyuram səninlə və unutma ki, sənin üstündə atanın kölgəsi, yanında ailən dayanıb”, - o bildirib.
Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 12–16-da baş verən döyüşlər zamanı general Polad Həşimovla birgə şəhid olub. Onun bir oğlu və bir qızı var.
Şəbnəm Zahir