Biləsuvar rayonunda polis və gömrükçülərin keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Adil Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb.
Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Polis əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Qarayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.
![](https://cdn.musavat.com/news/images/Gugu/gugu1/%D0%9D%D0%BE%D0%B2%D0%B0%D1%8F%D0%9F%D0%B0%D0%BF%D0%BA%D0%B0/674abde81c91e674abde81c91f1732951527674abde81c91c674abde81c91d.jpg)