Nə, bugünki müəllim əvvəlki müəllim deyil, nə də bugünki müəllimə əvvəlki münasibət...
TehsilForumu.Az-a müsahibə verən tanınmış təhsil eksperti Nadir İsrafilov yola salmaqda olduğumuz 2024-cü ildə təhsildə baş verən yeniliklərlə bağlı geniş açıqlama verib:
"Başa çatmaqda olan 2024-cü ilin təhsil sahəsində hansı hadisələr, nailiyyətlər və yeniliklərlə yadda qaldığına nəzər salsaq, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə tədris prosesinin bərpası, başqa sözlə, təhsilin Qarabağa qayıtması xüsusi diqqət çəkir. Qarabağ Universitetinin açılması, Türkiyə Azərbaycan Universitetinin yaradılması, yeni orta ümumtəhsil məktəblərinin istifadəyə verilməsi və bu kimi digər mühüm infrastruktur layihələri, ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, həm də təhsil sistemimizin də davamlı və dayanaqlılığının təminatçısına çevrilib.
Bundan əlavə, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması, Azərbaycanın “Məktəblər üçün PISA” tədqiqatına qoşulması, məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi, təhsilin beynəlmiləlləşməsi, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı, Dövlət Proqramının müddətinin uzadılması və əhatə dairəsinin artırılması kimi yeniliklər, Elm və Təhsil Nazirliyinin mətbu orqanları olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik, “Azərbaycan məktəbi” jurnalının isə 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər də 2024-cü ilin yadda qalan hadisələrindən olub.
2024-cü ildə həm də, ilk dəfə təşkil olunan məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biri hesab edilib. Sertifikatlaşdırmaya isə növbəti ildən başlanılacağı, 17 min nəfər tərbiyəçi-müəllim sertifikatlaşdırmaya cəlb ediləcəyi və bu prosesin 2026-cı ildə tamamlanacağı nəzərdə tutulub. Bu ilimiz, hələ uzun müddət ümumi orta təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı qalmaqallı qərar verilməsi ilə də yadda qalacaq".
Ümid var idi ki, astanasında olduğumuz yeni il ərəfəsində, ötən ilimiz məktəb-ailə, müəllim-şagird münasibətlərində yaranan soyuqluğun aradan qaldırılması və müəyyən dərəcədə mülayimləşməsi istiqiqamətində də hər hansı bir irəliləyişlə bağlı yadda qalan olsun. Təəssüf ki, bu baş vermədi. Hətta müəllimlərə verilən dəyər, yoxsa növbəti Tik-Tok əyləncəsi kimi ortalığa atılan Şokolad trendi belə müəlim-şagird münasibətlərində şirinlik yarada bilmədi.
Baxmayaraq ki, hələ iki onillik bundan qabaq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması xüsusi olaraq vurğulanmışdı və bütün bunlar nəzərə alınaraq, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkimişdi.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı bu məsələyə diqqət yetirmişdi: "Müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil... Bizim fəaliyyətimizin əsas istiqamətləri birbaşa müəllimlər ordusu ilə bağlıdır.”
Son açıqlamalarından birində məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev də müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsinin, eləcə də nümunəvi təhsil mühitinin yaradılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib. Ancaq gəlin görək, müəllimin cəmiyyətdəki nüfuzu artdımı, nümunəvi təhsil mühiti yaradıldımı? Əksinə, məktəb keçmiş məbədgahlığını, müəllim isə keçmiz müqəddəsliyini bir qədər də itirdi, cəmiyyəti qınaq obyektinə çevrilməkdə davam etdi.
Təkzib olunmaz faktdır ki, təhsilin keyfiyyəti müəllimin peşəkarlığından, müəllimin nüfuzu isə təhsilin keyfiyyətindən asılıdır. Müəllimin peşəkarlığı və nüfuzu artmadan təhsilin keyfiyyəti, təhsilin keyfiyyəti artmadan isə müəllimin nüfuzu və hörməti arta bilməz. Nəzərə alsaq ki, bu gün məktəblərimizdə müəllim adını yaşadanlarla yanaşı, sadəcə müəllim adını daşıyanlar da az deyil, deməli, əsas vəzifələrimizdən biri də bu adı daşıyanlarla bu adı yaşadanlar arasındakı fərqi minimuma endirmək və tədricən bu fərqi aradan qaldırmaqdır. Düzdür, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Bununla belə, yaranmış situasiyanı biz idarə etməliyik, yoxsa situasiya bizi idarə edəcək...
Nə qədər ki, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edən repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi rəğbət qazanmaqda davam edəcək, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, müəllim nüfuzunun qaldırılması cəhdləri də bir o qədər real görünməyəcək. Ümid edək və əminlik bildirək ki, üzümüzə gələn 2025-ci il müəllim nüfuzunun qaldırılması ili olacaq. Müəllimin nüfuzu olmayacaqsa, ona inam da, güvən də qalmayacaq...
TehsilForumu.Az