AZ

Rəhim Sadıxov və Anton Kraçkovski “Turan Tovuz”da!

“Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov və Mahaçqala “Dinamo”sunun yarımmüdafiəçisi Anton Kraçkovski “Turan Tovuz”a keçiblər.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

28 yaşlı Sadıxovla 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulmuş mümqavilə bağlanılıb.

22 yaşlı Kraçkovski isə icarə əsasında cari mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq.

Mərkəz yarımmüdafiəçisi olan Anton Kraçkovski Moskva ÇSKA-sının yetirməsidir. Hazırda Mahaçqala “Dinamo”suna məxsus olan futbolçu Qazaxıstan təmsilçisi “Kayrat”da da legioner həyatı yaşayıb. O, Mahaçqala təmsilçisinə 2024-cü ilin yanvarında məhz “Kayrat”dan, 300 min avro müqabilində keçib. Kraçkovski “Dinamo”nun heyətində meydana çıxdığı 21 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.

Sol vinger olan Rəhim Sadıxov isə Moskva “Spartak”ının yetirməsidir. Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo”nun da şərəfini qorumuş Rəhim Azərbaycana 2019-cu ildə “Sumqayıt” tərəfindən gətirilib. O, 2022-ci ildə “Sumqayıt”dan ayrılaraq “Zirə”yə keçsə də, 2024-cü ilin iyulunda yenidən “Sumqayıt”a qayıtmışdı. Sadıxov “Sumqayıt”ın heyətində 98 oyunda 21 qol, 14 məhsuldar ötürmə müəllifi olub. Onun “Zirə” karyerası isə 81 oyun, 12 qol və 12 assistdən ibarətdir.

Rəhim Sadıxov Azərbaycanın U-17 və U-19 yığmalarında da oynayıb. O, 2020-ci ilin sentyabr ayında debüt etdiyi əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Anton Kraçkovskinin transfer dəyərini 400 min avro məbləğində qiymətləndirir. Rəhim Sadıxovun transfer dəyəri isə 850 min avrodur.

Seçilən
57
arena.az

1Mənbələr