Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğı bu sahədə yeni uğurlar və möhtəşəm qələbələrin əldə edilməsi üçün geniş imkanlar açır. Yenicə yola saldığımız 2024-cü il də ölkə idmanı tarixində böyük nailiyyətlərlə dolu il kimi yaddaşlara həkk olundu. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə 2024-cü ilin də Azərbaycan idmanı üçün uğurlu olduğunu vurğulayıb. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdikləri, 1700-ə yaxın medal qazandıqları qeyd edilib. Dövlətimizin başçısı son Olimpiya Oyunlarında əldə etdiyimiz nəticələri də yüksək qiymətləndirib. Bildirib ki, bu, idmanımızın inkişaf etdiyini, yeni nəsil idmançıların yetişdiyini və beləliklə, Azərbaycanın idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqlədiyini göstərir.
Qeyd edək ki, komandamız ötən il keçirilən Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib. 2 qızıl, 2 gümüş və 3 bürünc qazanan ölkəmiz medal sıralamasında 30-cu yeri tutub. Müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edən Azərbaycan olimpiyalar tarixində ən yüksək uğurunu qazanıb. İdmançılarımız Dünya, Avropa çempionatlarında, digər nüfuzlu yarışlarda möhtəşəm qələbələr qazanıblar. Təbii ki, ötən il əldə edilmiş gözəl nəticələrdən sonra növbəti yarışlarda da xalqımız idmançılardan böyük nailiyyətlər gözləyir.
Ötən ili böyük qələbələrlə başa vurmuş idmançılarımızın bir neçəsi ilə yeni ilin ilk həftəsində görüşüb, arzularını dinlədik. Vətəni layiqincə təmsil edərək onun şöhrətini daha da yüksəldən idmançılarımız növbəti yarışlara da qələbə əzmi ilə qatılacaqlar.
İmaməddin Xəlilov, parataekvondoçu, Paris Paralimpiadasının qalibi:
– 2024-cü il karyeramda ən uğurlu il oldu. Dünya və ikinci dəfə Avropa çempionluğunu qazandım. Azərbaycanın Paralimpiya çempionu olan ilk parataekvondoçusu oldum. Paris Paralimpiadasında qarşılaşmalararası fasilədə sosial şəbəkələrdə yazılan şərhləri oxuyurdum. Bu şərhlər mənə mənəvi güc verirdi. Xalqın inamını doğrultmağa çalışırdım. Mənə bəslənilən ümidlər mübarizə ruhunu daha da artırırdı. 2024-cü ildə bu nəticələrlə bütün çəkilər üzrə dünyanın ən güclü kişi idmançısı seçildim. Ötən ildə unudulmaz anlardan biri də, cənab Prezidentin öz ad günündə mənə mənzilin orderini təqdim etməsi oldu.
Bu il əsas hədəf bütün yarışları qalib başa vurmaqdır. Həm də məni özünə örnək seçən uşaqlara görə qələbə seriyasını davam etdirmək istəyirəm. İstəyirəm ki, onlar hər zaman qələbə əzmi ilə mübarizə aparsınlar. O zaman istəklərinə çatacaqlar.
Dadaş Dadaşbəyli, ağırlıqqaldırma üzrə Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu:
– Ötən il idman karyeramın ən böyük uğurlarını qazandım. 2024-cü ildə Avropa çempionu oldum, 3 qızıl medala sahib oldum. Dünya kubokunda 3 gümüş medal qazandım. Ötən il ağır əməliyyatlar keçirdiyimdən bərpa prosesi çətin oldu. Dünya çempionatına hazırlıq gərgin zəhmət tələb edirdi. Kamran Nəbizadə başda olmaqla, Federasiya rəhbərliyi, xüsusən vitse-prezident Firdovsi Umudovun göstərdiyi qayğı, diqqət nəticəsində mundiala yüksək səviyyədə hazırlaşa bildim. Dünya çempionatının gümüş medalını qazandım.
Bu il bizi nüfuzlu yarışlar gözləyir. Amma əsas hədəf “Olimpiada-2028”dir. Ən böyük arzum ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edib, bayrağımızı yüksəklərdə dalğalandırmaqdır. Bunun üçün öz üzərimdə yorulmadan işləyəcəyəm.
Həsrət Cəfərov, Paris Olimpiadasının güləş üzrə bürünc mükafatçısı:
– Yeniyetmələr arasında Avropa, gənclərdə Avropa, Dünya çempionu olmuşam. 23 yaşadək idmançılar arasında da dünya çempionatının qalibi olmuşam. Böyüklər arasında ilk nailiyyətlərimi 2023-cü ildə əldə etmişəm. Dünya çempionatının gümüş, Avropa çempionatının isə qızıl medalını qazanmışam. Ötən il 2-ci dəfə Avropa çempionu oldum.
“Paris-2024”də şanslarım yüksək qiymətləndirilirdi. Olimpiadadan əvvəl Dünya Güləş Birliyinin reytinq cədvəlində birinci pillədə qərarlaşmışdım. Parisdə özüm də qızıl medal üçün güləşirdim. Finala gedən yolda Ukrayna təmsilçisinə fənd tətbiq etdiyim zaman səhvə yol verdim. Əks fəndə düşdüm və finalı əldən verdim. Paris Olimpiadası zamanı 21 yaşım var idi. Düşünürəm ki, növbəti olimpiadalarda çıxış etmək şanslarım qalır. Onun üçün də indidən çalışmalıyam.
Güləşçilərimiz hər zaman yüksək nailiyyətləri ilə xalqımızı sevindiriblər. Bu il bizi Dünya, Avropa çempionatları, MDB Oyunları və digər mötəbər yarışlar gözləyir. Builki əsas hədəf də bu yarışlarda yüksək nəticələr qazanmaqdır.
Məhəmməd Abdullayev, boksçu, Paris Olimpiadasında Azərbaycanın bayraqdarı:
– 2024-cü il mənim üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Dördilliyin ən nüfuzlu idman yarışı – Paris Oyunlarında Azərbaycan komandasının bayraqdarı kimi şərəfli missiyanı yerinə yetirdim. Ötən il Bakıda ilk dəfə keçirilən İBA Çempionlar Gecəsində 8 raundluq qarşılaşmada qələbə qazandım. Bu ilin fevralında analoji yarışda daha bir görüş keçirəcəyəm.
Dünya çempionatının ikiqat bürünc mükafatçısıyam. Arzularımdan biri mundialda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmaqdır. Növbəti dünya çempionatında “bürünc”ü “qızıl”a çevirməyə çalışacağam.
Azərbaycan idman ölkəsi kimi şöhrət qazanıb. Atletlərimiz dünyanın ən nüfuzlu yarışlarından Vətənə böyük qələbələrlə qayıdırlar. İnanıram ki, builki yarışlarda da böyük nailiyyətlər qazanıb, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracağıq. 2025-ci ildə bizi daha böyük qələbələr gözləyir.
Leyla QURBANOVA
XQ