Xəbər verdiyimiz kimi, Salyan rayonu Yeni Uluxanlı kəndində 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi müəyyən edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Röyal Hüseynov və Mətanət Hüseynova rayonun Yenikənd sakinləri olublar.
Onlar 15 il əvvəl ailə həyatı qurub. Ər-arvadın 3 uşağı var, böyük uşaqları 14, ortancıl 12, ən kiçiyi isə 7 yaşındadır.
Məlumata görə, Röyal Yeni Uluxanlı kəndində çoban işləyirmiş. Dekabrın 18-dən bu yana ondan xəbər alan olmayıb. Onun cəsədi ötən gün kanaldan tapılıb, hazırda araşdırma üçün morqda saxlanılır.
Qeyd edək ki, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları da məlum yayıb.
Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.