Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa hakimiyyətini siyasi böhrandan çıxış yolu kimi yeni seçkilər keçirməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Şalva Papuaşvili "X"də bildirib.
“Mənim Fransanın daxili işlərinə qarışmaq fikrim yoxdur, amma nəzərə alsaq ki, fransızların 61%-i prezident Emmanuel Makronun istefasını dəstəkləyir və 50%-i Milli Assambleyanın buraxılmasını istəyir, siyasi böhranı həll etmək üçün yeni seçkilər yaxşı həll yolu ola bilər”, - o, qeyd edib.
Makron ötən gün bildirib ki, Rusiya son dövrlərdə öz qonşularına qarşı "daha aqressiv" davranır. O, bu halın nümunəsi kimi 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini göstərib. Fransa prezidenti qeyd edib ki, Rusiya seçki prosesini sabitsizləşdirməyə cəhd edib.