AZ

İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub - Braziliya

Bakı, TurkicWorld

Braziliya hökuməti dünən verdiyi açıqlamada, İndoneziyanın qlobal iqtisadi güc mərkəzlərindən biri olan BRİKS qrupuna tamhüquqlu üzv kimi qəbul edildiyini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, Braziliya Xarici İşlər Nazirliyi bildirib ki, İndoneziyanın üzvlüyü qlobal idarəetmə institutlarında islahat aparmaq istəyini göstərir və qrupun inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığını gücləndirəcək.

İndoneziyanın üzvlüyü 2023-cü ilin avqustunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRİKS sammitində təsdiqlənib.

2025-ci ildə BRİKS-ə Braziliya sədrlik edəcək və ölkənin prezident Luiz İnasio Lula da Silva bu çərçivədə “Qlobal Cənub” ölkələri arasında əməkdaşlığın inkişafını və çoxtərəfli institutların islahatını prioritet elan edib.

BRİKS-ə üzv ölkələr 2022-ci ildə dünya əhalisinin 41 faizini, qlobal ümumi daxili məhsulun (ÜDM) 24 faizini və qlobal ticarətin 16 faizini təmsil edirdi. Təşkilat, 2009-cu ildə Qərb dövlətlərinin iqtisadi hökmranlığına alternativ olaraq yaradılıb və üzvləri arasında ticarətin asanlaşdırılması, ABŞ dollarından asılılığın azaldılması kimi hədəflər prioritetdir.

Sonuncu dəfə, Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammitində üzv ölkələr qlobal ticarətdə ABŞ dollarının istifadəsini azaltmaq və alternativ ödəniş vasitələrinin hazırlanmasını müzakirə ediblər.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə BRİKS ölkələrini xəbərdar edib. O, üzv ölkələrin alış-satış əməliyyatlarında dollardan imtina edəcəkləri və “yeni BRİKS valyutası” yaradacaqları təqdirdə ABŞ-ın bu ölkələrə “100 faiz rüsum” tətbiq edəcəyini bildirib.

Trampın bu təhdidi BRİKS daxilində ABŞ dollarının təsirini azaltmaq planlarını daha da aktuallaşdırıb.

Qeyd edək ki, bu ilki sammit iyul ayında, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.

Seçilən
29
turkic.world

1Mənbələr