Xəbər verdiyimiz kimi, Rusiya ali məktəbləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir.
Belə ki, Rusiyada təhsilin bakalavr pilləsi ləğv ediləcək. İki yeni təhsil səviyyəsi tətbiq olunacaq.
Azərbaycanda da gələcəkdə bakalavr təhsilinin ləğvi düşünülə bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov qeyd edib ki, dünyada qəbul edilmiş bir neçə təhsil modellər var:
"Biz nəzərə almalıyıq ki, bəşəriyyət hazırkı təhsil modellərinə çatana qədər müxtəlif mərhələlərdən keçib.Yekun olaraq belə bir qərara gəlinib ki, artıq bizdə və dünyanın müxtəlif ölkələrində bu modellər tətbiq olunsun.
Lakin hesab edirəm ki, Azərbaycanda bu modelə keçidə ehtiyac yoxdur. Bir neçə vacib məsələ var. Birincisi, hazırkı mərhələdə nəzərə almalı olduğumuz məqam odur ki, belə bir dəyişiklik dünyada əks istiqamətlərə və təsirlərə yol aça bilər. Hazırda bəzi gənclər təhsilinin bir hissəsini Azərbaycanda, digər hissəsini isə xaricdə alırlar.
Dünyada qəbul edilmiş təhsil modelləri mövcuddur və biz bu sistemi dəyişdirsək, gələcəkdə ciddi problemlərlə üzləşə bilərik. Buna görə də, bu məsələlərdə ehtiyatlı və diqqətli yanaşmalıyıq.
Gələcəkdə bakalavr təhsilinin müddətinin 3 il olması və magistraturanın 1 illik olması barədə düşünmək olar. Yaxud da təkcə magistraturanın 2 ildən 1 ilə endirilməsi nəzərdən keçirilə bilər. Azərbaycan üçün ən böyük çətinliklərdən biri doktorantura təhsilinin təşkili ilə bağlıdır və bu məsələlərin həlli önəmlidir. Lakin digər məsələlərdə tələsməmək vacibdir. Rusiya bu gün bütün sahələrdə özünü milliləşdirir və milliləşdirmə siyasəti aparır. Buna görə də biz bu cür məsələlərdə diqqətli olmalıyıq".