Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib:
"Makron iddia edir ki, Ermənistanı dəstəkləməklə "beynəlxalq hüquq normalarını dəstəkləyir". Ancaq Fransa prezidenti doğrudan da beynəlxalq hüquq normalarını dəstəkləmiş olsaydı, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini vurğulayaraq Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edərdi. Çünki Azərbaycanın sərhədləri beynəlxalq hüquqla təsbit olunmuşdu və Ermənistan Azərbaycanın beynəlxalq hüquqla sahib olduğu ərazilərin 20 faizini işğal etmişdi. Yəni Makronun beynəlxalq hüquq normalarına istinad etməsi riyakarlıqdan başqa bir şey deyil. Digər tərəfdən Makron iddia edir ki, guya Azərbaycan Fransanın daxili işlərinə qarışır, ancaq Azərbaycan heç vaxt Fransanın daxili işlərinə qarışmayıb. Fransanın beynəlxalq müstəmləkəçilik siyasətinin dırnaqarası aparıcı ölkəsi olması Azərbaycanın günahı deyil. Bu, Fransanın bəşəriyyət qarşısındakı cinayətidir. Çünki beynəlxalq hüquq normaları müasir dünyada müstəmləkəçilik fəaliyyətini və siyasətini qadağan edir. Buna baxmayaraq, Fransa və Hollandiya hələ də beynəlxalq müstəmləkəçilik fəaliyyəti, siyasəti ilə məşğuldur. Azərbaycan da beynəlxalq hüquq normalarına uyğun olaraq Fransanın beynəlxalq müstəmləkəçilik fəaliyyətinə etiraz edir və Fransanın müstəmləkə altında saxladığı təbii sərvətlərini talan etdiyi xalqları və ölkələri dəstəkləyir. Fransa beynəlxalq hüquq normalarından danışırsa, onda Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində Fransanın bəşəri cinayətlərinə etiraz etməsinə tolerant yanaşmaq məcburiyyətindədir. Çünki Azərbaycan heç bir beynəlxalq qanunları pozmur, əksinə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozub, müstəmləkəçilik fəaliyyəti ilə məşğul olan Fransaya etiraz edir".
E.Xalidbəyli qeyd edib ki, bütün bunları nəzərə alanda Makronun açıqlamalarının və davranışlarının absurd, məntiqsiz, hətta gülünc olduğunu görmək çətin deyil.
"Fransa prezidenti Azərbaycanın qətiyyətli mövqeyindən ciddi şəkildə narahatdır. Rəsmi Bakı Fransanı ermənipərəst mövqeyinə görə Cənubi Qafqazdakı sülh masasından açıq aşkar, nümayişkaranə şəkildə qovub. Fransanı sülh masasına buraxmır və bu prosesdən kənarda tutur. Ona görə də rəsmi Paris qıcıqlanır, Azərbaycana təzyiq göstərmək istəyir. Amma rəsmi Bakının prinsipial mövqeyi onu göstərir ki, Fransanın təzyiqləri Azərbaycan dövləti tərəfindən ciddiyə alınmır. Bu, rəsmi Parisi daha da qıcıqlandırır və Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməklə intiqam almaq məcburiyyətində buraxır. Bunlar real nəticə verəcək davranışlar deyil",- deyə ekspert qeyd edib.
Ekspert sonda vurğulayıb ki, Azərbaycan Fransanın qarşısından geri çəkilmək niyyətində deyil:
"Azərbaycanın Fransaya müqavimət göstərmək potensialı kifayət qədər yüksəkdir. Fransa Cənubi Qafqazda hansısa nailiyyətlər əldə etmək istəyirsə, ermənipərəst mövqeyindən imtina etməlidir və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Əks halda, Fransa Ermənistanda yerləşmiş olsa belə, Cənubi Qafqazda söz sahibi olmaq şansına sahib olmayacaq və həmişə Cənubi Qafqaza kənardan baxmaqla kifayətlənməli olacaq. Ermənistana yerləşmək Cənubi Qafqazda təsir gücü qazandıracaq faktor deyil. Bu baxımdan Fransanın Azərbaycana qarşı təzyiq göstərmək, Fransanın Azərbaycanı ittiham etməsi kimi cəhdlər tamamilə boş və mənasız cəhdlərdən başqa bir şey deyil. Azərbaycanın xarici siyasətinə tutduğu mövqeyə heç bir təsir göstərmir".
Qiymət Mahir