AZ

Yelisey Sarayı səriştəsiz xarici siyasətindən dərs çıxarmalıdır

Yaxın keçmişədək Azərbaycan - Fransa münasibətlərində hansısa bir ciddi problem yaşanmırdı. Rəsmi Bakı Avropa İttifaqının (Aİ) digər dövlətləri kimi, Fransa ilə də əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük önəm verirdi. Bunun təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, Fransanın ayrı-ayrı şirkətləri ölkəmizdə müxtəlif layihələrin icrasına cəlb olunublar və onların fəaliyyətlərinə hər hansı bir maneçilik törədilmir.

Bununla belə, son illərdə ikitərəfli münasibətlərdə çatlar yaranıb ki, bunun da məsuliyyəti bilavasitə Yelisey Sarayının hazırkı sahibi Makronun üzərinə düşür. Məhz onun iki prezidentliyi dönəmində rəsmi Paris Azərbaycanla bağlı qərəzli mövqe sərgiləyərək ziddiyyətli, reallıqlara uyğun gəlməyən qərarlar verir. Makron son olaraq səfirlər konfransında ölkəmizin ünvanına qərəzli iddialar səsləndirib və təbii ki, Azərbaycanın buna cavabı kifayət qədər sərt olub. “Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir”, - deyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirilən iddialar barədə medianın sualına cavabında deyib.

Makrona xatırlatma - Azərbaycanın haqq-ədalət müharibəsi Ermənistanın işğalına son qoymaq məqsədi daşıyıb

Əvvəlki mərhələdə keçmiş Qarabağ münaqişəsi, sonra 44 günlük müharibə və 23 saatlıq lokal xarakterli antiterror tədbirləri, hazırda isə Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesi ətrafında əsassız iddialar səsləndirmək Makron üçün sözün əsl mənasında pis ənənəyə çevrilib. Gəlin xatırlayaq: Fransa təxminən otuz il ərzində ATƏT-in hazırda ölü quruma çevrilən Minsk qrupunun üç həmsədr dövlətindən biri olub. Bu təsisat zamanında keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə formalaşdırılmışdı. Bəs otuz il ərzində Fransanın fəaliyyəti nədən ibarət olmuşdur? Bu ölkə münaqişənin tənzimlənməsinə hansısa bir töhfə veribmi? Təəssüf ki yox. Digər həmsədr dövlətlər kimi, Fransa da işğal məhsulu olan keçmiş status-kvonun sonsuzluğadək saxlanması üçün canfəşanlıq göstərir və işğalçı Ermənistana rəğbətini gizlətmirdi. 44 günlük müharibə günlərində isə Makronun hirs-hikkəsi yerə-göyə sığmırdı. Tez-tez Parisdən Bakıya telefon açılır, müharibənin dayandırılması istənilirdi. Yelisey Sarayının Azərbaycana qərəzi 23 saatlıq antiterror tədbirlərindən sonra daha da şiddətlənib. Haqq etdiyimiz qələbələrimizi sinirə bilməyən Makron bütün beynəlxalq hüquq normalarını aşaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Rəsmi Parisin qərəzli mövqeyinə diqqət çəkən Ayxan Hacızadə bildirib ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç vaxt tənqid etməyib. “Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistanın işğalına son qoymaq məqsədilə aparılıb”, - deyə XİN rəsmisi vurğulayıb.

Qalib Azərbaycan 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı zəfərlər sayəsində regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar Cənubi Qafqaz coğrafiyasında davamı sülh və əməkdaşlıq üçün fundamental zəmin formalaşdırıb. Bu fürsətdən maksimum dərəcədə istifadə olunmalıdır. Düzdür, Fransa postmüharibə mərhələsində başlayan sülyaratma posesində vasitəçi kimi yer almağa çalışırdı. Ancaq bu ölkənin birtərfli mövqe tutması, Ermənistana dəstək göstərməsi Azərbaycanı qane etmədi və ölkəmiz rəsmi Parisi proseslərdən uzaqlaşdırmağa nail oldu. Hazırda sülh danışıqları ikitərəfli qaydada Azərbaycanla Ermənistan arasında aparılır və müəyyən nəticələr də əldə olunub. Bununla belə Yelisey Sarayı yenə də pozuculuq fəaliyyətindən əl çəkmək istəmir və məğlub ölkədə revanşizmi alovlandırır. Açıq-aydın görünür ki, Fransa Ermənistana öldürücü silahlar tədarük etməklə rəsmi İrəvanı yeni müharibəyə hazırlayır. Bu isə əlbəttə ki, qəbuledilməzdir. “Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik”, - deyə Ayxan Hacızadə bildirib.

Fransanın məkrli neokolonial siyasəti

Bu gün Fransa dünyada müstəmləkəçilik siyasətindən əl çəkməyən, onu yeni formalarda ən qəddar şəkildə davam etdirən azsaylı ölkələrdən biridir. Doğru olaraq bildirilir ki, XXI əsrdə sümürmə siyasəti Fransa üçün əsl üzqarasıdır. Qeyd edək ki, Fransanin ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir.

Fransanın yüz illikləri əhatə edən müstəmləkəçilik siyasəti qeyd olunan ölkələrə yaxşı heç nə gətirməyib. Yelisey Sarayının yeganə məqsədi müstəmləkə ərazilərinin sərvətlərini talamaq, yeli xalqların milli kimliyini məhv etmək və özünün təsir imkanlarını daha da genişləndirmək olub. Təbii ki, bu siyasət yerlərdə ciddi etirazlarla qarşılanır. Təkcə son vaxtlarda Fransa bir neçə müstəmləkə ölkəsindən qovulub və proses genişlənməkdədir. Öz növbəsində haqq-ədalət tərəfdarıı olan Azərbaycan da azadlıq mübarizəsinə qalxan xalqlara özünün mənəvi-siyasi dəstəyini göstərir. Bu isə Makronun ölkəmizə qarşı qərəzini daha da artırır. “Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”, - deyə Azərbaycan XİN rəsmisi vurğulayıb.

Mübariz FEYİZLİ

Seçilən
37
yeniazerbaycan.com

1Mənbələr