“Ermənistan Respublikası “Dünyanın kəsişməsi” layihəsini masaya qoyub və onu həyata keçirməyə hazırlaşır.
Bizim gündəmimizdə başqa layihə yoxdur. “Dünyanın kəsişməsi” regionda bütün nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan-Ermənistan yolunun açılmasını nəzərdə tutur.
Bu, Arazdəyən-Sədərək-Ordubad- Meğri-Zəngilan dəmir yolunun açılması üçün Azərbaycana çox konkret təklifdir. Bu, təklifdən çox, konkret məsələlərin həllidir və biz Azərbaycandan müsbət reaksiya gözləyirik, bundan sonra razılıq əldə olunacaq, kağıza yazılacaq və biz dəmir yolunun tikintisinə balayacağıq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün yerli mətbuata müsahibəsində Zəngəzur dəhliz ilə bağlı mövqeyini bölüşərkən deyib.
Paşinyan sərhədin delimitasiyası və demarkasiyası komissiyalarının növbəti iclasının yanvarda keçiriləcəyi xəbərinə də münasibət bildirib:
“Bəli, yanvarda görüş planlaşdırılır. Əminəm ki, 2024-cü ildə demarkasiyanın müsbət təcrübəsi sakit, iş mühitində inkişaf etdirilməlidir. Biz bu cür işə sadiqik”.