“Azərbaycanla Ermənistan arasında danışıqlarda hər hansı bir ölkə vasitəçi olmayacaq”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Azərbaycan bundan sonra nə Rusiya, nə də Avropa İttifaqının vasitəçiliyinə imkan verəcək:
“Prezident İlham Əliyev ötən gün yerli telekanallara verdiyi müsahibədə məhz ikitərəfli danışıqlara üstünlük veriləcəyini qeyd etdi. Hətta sülh müqaviləsi bağlanarsa, bu, iki ölkə sərhədində baş tuta bilər. Hazırda Ermənistan silahlanır. Fransa Ermənistanı sülh prosesindən çəkindirməyə çalışır. Bu baxımdan Nikol Paşinyan siyasi iradə nümayiş etdirməsə, sülh müqaviləsi bu il ərzində bağlanmaya bilər. Artıq proses mürəkkəb mərhələyə keçib”.
Ekspert bildirdi ki, Türkiyənin regionda yeni güc əldə etməsi Ermənistan rəhbərliyini dilemma qarşısında qoyub:
“Ankara hələ ki Ermənistanla ciddi məşğul olmur. Paşinyan vəziyyəti mürəkkəbləşdirsə, Türkiyə hərəkətə keçə bilər. Digər tərəfdən, Ermənistan Fransanın təlimatı ilə hərəkət edib təxribatlara gedərsə, bu ölkə ərazi itirməli olacaq. Prezident İlham Əliyev də Ermənistan rəhbərliyinə “silahlanmanı dayandır” mesajını verdi. Növbəti dəfə hərbi eskalasiya baş versə, Paşinyanın devrilməsi ehtimalı da var”.
Günay