Mərkəzi Birləşmiş Krallıqda yerləşən jurnalist araşdırmalar təşkilatı “UK Declassified” Suriyanın devrilmiş lideri Bəşər Əsədin Britaniya kəşfiyyatı ilə əlaqəsi olduğunu iddia olunan məxfi sənədləri dərc edib.
Həmin sənədlər Əsma Əsədin ABŞ Milli Təhlükəsizlik Şurası və İngiltərənin MI5 kəşfiyyatının agenti kimi çalışdığını ortaya çıxarıb.
“Cebheinfo.az” xəbər verir ki, Suriyada silahlı müxalifət qüvvələri paytaxt Dəməşqə daxil olduqdan sonra 61 illik BƏƏS rejimi devrildi və Bəşər Əsəd həyat yoldaşı ilə birlikdə Rusiyaya qaçıb. Bütün dünya hadisələri yaxından təqib edərkən, əvvəllər döş xərçəngi olan və bir müddət əvvəl lenfoma ilə mübarizə apardığını açıqlayan Əsma Əsədin Bəşər Əsəddən boşanmaq istədiyi iddiaları ortaya atıldı.
Mövzu ilə bağlı açıqlama verən Kreml bu iddiaları təkzib edib. Bir vaxtlar Suriyanın müasir siması kimi təqdim edilən London əsilli Əsma Əsəd səhhətindəki problemlər və boşanma iddialarından başqa fərqli bir məsələ ilə gündəmə gəlib.
Birləşmiş Krallıqda yerləşən “UK Declassified” Əsma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edib. Nəşr edilən çox məxfi sənədlərdə Əsma Əsədin 1994-cü ildə İngiltərədə əks-kəşfiyyat fəaliyyəti göstərdiyi və MI5 rəsmiləri ilə görüşlər keçirdiyi iddia edilir.
Dərc edilmiş sənədlərin birincisində Əsma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqələri ilə bağlı təfərrüatlar var. Sənəddə Əsma Əsədin “Chesterfield Mayfair” otelində ovaxtkı Britaniya Məxfi Xidməti MI5-in yüksək rütbəli rəsmisi Eliza Manningham-Buller ilə təkbətək görüş keçirdiyi bildirilir. Görüşdə Suriya lideri Bəşər Əsədin də iştirak etdiyi bildirilib. Sənədlərdə Əsma Esadın atası Dr. Fəvaz Əl-Əxrasın Aktondakı evində keçirilən şəxsi görüşə qatıldığı da bildirilir. Bu görüşdə həm hərbi, həm də mülki Britaniya rəsmilərinin iştirak etdiyi və görüşdə Suriya-İsrail münasibətləri və regional sülh danışıqlarının müzakirə edildiyi vurğulanıb.