AZ

Ekspert: “İrəvanAzərbaycanın hədəflərinə çatmasına mane olacağını düşünürsə, yanılır” – ÖZƏL

"Yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev müxtəlif məsələləri, o cümlədən Ermənistanla cari münasibətlərlə bağlı reallıqları Azərbaycan və dünya ictimaiyyətinin diqqətinə çatdırdı. İrəvanın İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatlarından hələ də ciddi nəticə çıxarmadığını, himayədarları vasitəsilə geniş şəkildə silahlandırıldığını dedi. Prezidentin müsahibəsi bir daha göstərir ki, azərbaycanlılara qarşı həyata keçirilən işğal, soyqırımı və müxtəlif cinayətlər Ermənistan dövlətinin uzun illərdir fürsət gözlədiyi və planlaşdırdığı faşist ideologiyasının tərkib hissəsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib:

"Keçmiş və indiki Ermənistan hakimiyyəti öz davranışlarını erməni strategiyasının davamı kimi görür və bunu dövlət siyasətinin əsası olaraq qəbul edir. Özünü demokrat kimi qələmə verən Ermənistanın baş naziri Nikol Paşinyanın da sələflərinin yolunu müxtəlif formalarda davam etdirdiyinin şahidiyik. Hakimiyyətə gəldikdən və Vətən müharibəsindən sonrakı çıxışları və addımları onun da situativ xarakterə sahib olduğunu deməyə əsas verir. Bu da silahlanması fonunda əllərinə düşən fürsətdən istifadə imkanlarını göz önünə gətirir. Bu baxımdan da Azərbaycan dövlətinin və Prezidentinin Ermənistanın militarizasiya siyasətini dayandırmalı olduğu qəti və prinsipial şəkildə ifadə edilir. Çünki zaman və reallıqlar dəyişsə də, erməni ideologiyası yaşayır və fərqli formalarda özünü büruzə verir. Reallıq isə ondan ibarətdir ki, ölkəmizə qarşı oxşar münasibətdə Ermənistan müxalifəti ilə iqtidarı arasında ciddi fərq yoxdur.

Dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın mövqeyini növbəti dəfə ifadə edərək bildirdi ki, Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi mütləq sülh üçün real fürsətdir. Dəyişən dünyada yeni reallıqlara öz pəncərəsindən baxmağa çalışan Ermənistan hər zaman olduğu kimi öz dostlarına güvənərək sülhdən yayınır. Ümumilikdə isə 2024-cü və 2025-ci ildə baş verən geosiyasi dəyişikliklər İrəvanın beynəlxalq müstəvidə ziyanına işlədi. Məsələn, Emmanuel Makron Administrasiyasının zəifləməsi, Suriyada Əsəd rejiminin çökməsi, Kanada hökumətinin rəhbəri Castin Trüdonun vəzifəsindən istefa verəcəyini açıqlaması, Soros idarə üsulu ilə idarə olunan Bayden administrasiyasının dövrünün başa çatması, həmçinin İranın geosiyasi dayaqlarının zəifləməsi, əvəzində isə Türkiyənin siyasi-hərbi yüksəlişi Ermənistanın istəmədiyi bir ssenari kimi qarşıdakı dövrün proseslərini izah edir. Təbii ki, bütün bunlar Ermənistanın sülhə gələcəyi anlamına gəlmir, amma istənilən halda İrəvanı regional sabitlikdən yayındıran qüvvələrin təsir rıçaqlarının azalması ölkəmiz üçün yeni dividendlər qazandırır".

Ekspert müsahibədə vurğulanan Zəngəzur dəhlizi məsələsinə də toxunub: 

"Müsahibədə, həmçinin Prezident İlham Əliyev Zəngəzur dəhlizi məsələsi barədə də qarşı tərəfə növbəti ciddi xəbərdarlıq etdi və Azərbaycanın Naxçıvanla əlaqəsinin başqa ölkənin ərazisi ilə yox, birbaşa bağlantısı olmasının vacibliyinə toxundu. Bu prosesin həlli isə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarındandır. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan dörd ildən çoxdur ki, səbir göstərir. Lakin görünən odur ki, Ermənistanın xisləti dəyişməz olaraq qalıb və onlar yenə də öz öhdəliklərinə əməl etmirlər. Əgər qarşı tərəf buna əməl etməsə, bu mütləq baş verəcək. Beynəlxalq hüquqa zidd olaraq ədalətsiz gücdən istifadə edərək torpaqlarımızı işğal edən Ermənistan da anlayır ki, bugünkü dünyada güc amili ön plandadır. Ona görə də ciddi şəkildə silahlanma edən İrəvan bununla Azərbaycanın hədəflərinə çatmasına mane olacağını düşünürsə, yanılır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr