AZ

Kombi necə işlədilməlidir? Evdə istiliyin az yayılmasına səbəb nə olur?

Santexnik bildirib ki, kombi sistemlərinin yetərli istiliyi təmin etməməsinin ilkin səbəbi quraşdırılmadakı ehtiyatsızlıqdır.

Payız və qış aylarında, havaların soyuması ilə birlikdə mənzil və ofislərdə ən çox istifadə edilən cihazlardan biri kombi sistemləridir. Bu aparatların düzgün işləməsi xüsusilə vacibdir. Lakin bəzən komni sistemlərində yaranan problemlər həm diskomforta, həm də enerji xərclərinin artmasına səbəb ola bilir.

Bəs bu problemlər nədən yaranır və həlli yolları nələrdir? 

Santexnik Nail Lətifov mövzu ilə bağlı “Operativ Media”ya fikirlərini bildirib:

“Kombi sistemlərinin yetərli istiliyi təmin etməməsinin ilkin səbəbi quraşdırılmadakı ehtiyatsızlıqdır. Kombi radiatorları düzgün formada çəkilməli, izolyasiyalarına diqqət edilməlidir. Həmçinin, kombi çəkilən mənzilin ölçüləri nəzərə alınaraq otaqların həcminə görə kombi radioatorları quraşdırılmalıdır”.
Santexnik kombilərin təmizlik məsələsinə diqqət çəkib: 

“Əgər sistemlər düzgün quraşdırıldığı halda mənzil isinmirsə, bu zaman qaz həcminə diqqət etmək lazımdır. Ehtimal az da olsa, bəzi hallarda qaz azlığı səbəbindən otaqlar qızmaya bilər. Digər bir səbəb isə tez-tez eşitdiyimiz kombilərin vaxtında yuyulub təmizlənməsi məsələsidir. Lakin burada da diqqət etməli olduğumuz məqamlar var. Kombi radiatorlarının yuyulması 2-3 ildən bir həyata keçirilməlidir.

Kombi sistemi vaxtında təmizlənməyəndə radiatorlarda kirəclənmə olur. Çünkü isti su zamanla bağlı xəttə palçıq, yosun və bakteriyalardan ibarət bir təbəqə yaradır. Buna görə kombinin qaz sərfiyyatı artır və mənzil sahibi isinməyən otaqlarla bərabər əlavə xərclə qarşılaşır. 

Qeyd etmək lazımdır ki, kombinin yuyulması təkcə otaqlardakı radiatorlara deyil, həm də kombi aparatının özünə şamil olunur. Bəzən bu fərq gözdən qaçır və nəticədə yuyulub təmizlənən sistemdə də nasazlıqlar gözə çarpır. Sirkulyasiyanın düzgün getməsi üçün kombi aparatı və radiatorların eyni vaxtda təmizlənməsi vacibdir. Kirəclənmənin qarşısını almaq üçün istifadə olunan kombi filterləri də var ki, bu filterlər də vaxtında təmizlənib dəyişdirilməlidir. 

Ən çox istifadə olunan iki esenjorlu kombilərdə isə bala esenjor deyilən bir detal var ki xüsusi əhəmiyyət kəsb edir. Ən çox tutulma bu hissədə baş verir ki, qulluq göstərilmədiyi halda həddən artıq qaz sərfiyyatına gətirib çıxara bilər”.

Fatimə Lətifova

Seçilən
36
operativmedia.az

1Mənbələr